Siyasət

Əliyevlə Ərdoğanın Şuşadan dünyaya verəcəkləri mesaj – Nələr gözlənilir?

“İlham Əliyevin Ərdoğanı Bakıda yox, Qarabağda rəsmi mərasimlə qarşılamasının iki şifrəsi var. Birincisi, işğaldan azad edildikdən sonra Qarabağa ilk səfər edən lider Türkiyə prezidenti olacaq. İkincisi, Azərbaycan və Türkiyənin növbəti mərhələdə siyasi, iqtisadi və hərbi sektorda əməkdaşlığı, atacağı addımların mərkəzi Qarabağ olacaq”.

Bunu politoloq Asif Nərimanlı deyib. O bildirib ki, böyük müqavilənin məhz Şuşada, bölgənin açarı olan şəhərdə imzalanması da Bakı və Ankaranın Qarabağda ciddi proseslərə hazırlaşdığından xəbər verir. A.Nərimanlı həmçinin müqavilədə nələr ola biləcəyi ehtimalından da söz açıb:

“Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığında yeni addımlar, iki ölkənin müdafiə sənayesi sahəsində birgə müəssisənin açılması: Türkiyə İHA-larının Azərbaycanda istehsalı və s. Qarabağın bərpasında türk şirkətlərinin fəaliyyətinin genişləndirilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə inşa edilən beynəlxalq hava limanlarının (yaxud birinin) birgə istifadə edilməsi müqavilədə öz əksini tapa bilər. Bu, mümkün ehtimallardır. Reallıq isə odur ki, müqavilədə əksini tapacaq məqamlar Bakı və Ankaranın Qarabağda, ümumilikdə bölgədəki addımlarının da konturlarını cızacaq. Ən mühüm məqam Ərdoğanın Şuşa səfərinin şifrələri, özündə ehtiva edən mesajlarıdır”.

Politoloq qeyd edib ki, Türkiyənin Qarabağda Azərbaycanın maraqlarını müdafiə edən güc olaraq mövcud olması həm region, həm də dünya ölkələrinə nümayiş etdirilir:

“Qarabağ münaqişəsinin bitdiyini qəbul etməyən və yeni “masa” qurmaq istəyənlərə – ABŞ və Fransa daxil olmaqla Qərb ölkələrinə yeni reallıq göstərilir: Ərdoğan NATO zirvəsində münaqişənin bitdiyini açıq şəkildə elan etdi, ardınca Şuşa səfəri ilə mesaj əyani şəkildə çatdırılır. Eyni zamanda Xankəndidə lövbər atmış Rusiyaya Şuşadan Türkiyənin bölgədəki varlığının mesajı verilir.

Ərdoğanın Şuşa səfərinin ciddi nəticələrini səfərdən sonra görə bilərik. Qarabağda tərəzinin Rusiya gözünə ağırlıq edən güc balansı ən azı bərabərləşəcək. Səfərdən sonra Bakı və Ankara 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası tələbini (xüsusilə 4-cü bəndin icrasını) artıra bilər. Ankara və Moskvanın Qarabağla bağlı son məsləhətləşmələri də bu ehtimalı gücləndirir. Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin işi aktivləşə, Türkiyənin sülhməramlı kontigentində fəaliyyəti genişlənə bilər. Səfərin və Şuşadan veriləcək mesajların Ermənistanda seçkiöncəsi proseslərə, o cümlədən, Xankəndidə baş verənlərə təsirlərinin olacağı da gözləniləndir”.

Günay Rəsulqızı



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button