Siyasət

Ərdoğan: “Cənab Bayden, Qarabağda törədilən cinayət əməlləri ortadadır”

“Qarabağda Azərbaycan torpaqlarında otuz il əvvəl törədilənlər ortada olduğu halda problemin həlli üçün ABŞ, Rusiya və Fransanın təmsilçiliyi ilə yaradılan Minsk qrupu heç bir iş görmədi, cənab Bayden. Oradakı insanların torpaqlarını işğaldan qurtarmadınız”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra keçirilən mətbuat konfransında ABŞ Prezidenti Co Baydenin saxta “soyqırım” ifadəsinə mövqe bildirərkən deyib.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşüb: “Həmin bölgədə bütün yaşayış məskənləri, tarixi abidələr ermənilər tərəfindən dağıdılıb, yandırılıb. Orada ermənilər müharibə cinayətləri törədiblər. Əgər soyqırım deyirsinizsə, bunlara baxacaqsınız. Sizin qırmızıdərililəri necə qətlə yetirdiyinizi zatən demirik, bu tarixi fakt ortadadır. Bütün bu həqiqətlər varkən, türk millətini soyqırımla ittiham etməyə haqqınız yoxdur”.

 

Ərdoğan əlavə edib ki, ermənilər həm də əsr yarımdan bəri mütəmadi törətdikləri terror əməllərini ört-basdır etmək üçün hər il “soyqırım” yalanını ortaya atır: “Böyük vədlərlə ruslar, Avropa və Amerika tərəfindən aldadılan ermənilər həm də utanclarından “soyqırım” məsələsini ortaya atırlar”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button