İqtisadiyyat

“Ərdoğanın Azərbaycana səfəri ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir. Qardaş dövlətin rəhbərinin bu səfəri əvvəlkilərdən fərqlidir: Türkiyə Prezidenti Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhərinə gedəcək. Olduqca strateji əhəmiyyət daşıyan bu səfər eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin də dərinləşməsinə gətirib çıxaracaq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin üzvü Vüqar Bayramov deyib.
V. Bayramovun sözlərinə görə, strateji əhəmiyyət daşıyan bu səfər sadəcə iki ölkə arasında ticari dövriyyənin genişlənməsinə deyil, eyni zamanda qarşılıqlı sərmayə qoyuluşlarının da artmasına imkan yaracaq: “Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub”.
Millət vəkili xatırladıb ki, bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib: “Saziş 15 mal qrupunu əhatə edir. Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Pandemiyanın təsirlərinə rəğmən ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır. Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər”.
V. Bayramov Türkiyə şirkətlərinin Qarabağın bərpa və yenidənqurmasında fəal iştirak etdiyinə diqqət çəkib: “Türkiyə Prezidentinin səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur layihələrində daha fəal iştirak edəcəyi gözlənilir.
Bütövlükdə, region üçün strateji əhəmiyyət daşıyan bu səfər ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button