İqtisadiyyat

“ADY Express” Rusiyanın iri mədən və metallurgiya şirkəti ilə əməkdaşlığa başlayıb

“ADY Express” şirkəti (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti) Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə növbəti yüklərin daşınmasına start verdi. Rusiyanın nəhəng sənaye şirkətlərindən sayılan “Meçel” şirkətlər qrupu ilə əməkdaşlığa başlanılıb.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Meçel” dünyanın TOP-10 metallurji kömür istehsalçılarından biridir və Rusiyada ən çox xüsusi polad və ərintilər istehsalçısıdır. “Meçel” şirkəti kömür mədənçiliyi, metallurgiya, enerji, logistika sahəsində 20-dən artıq müəssisəni birləşdirir.
Məlumata görə, əməkdaşlığa dair razılaşma, aprel ayında Moskvada keçirilən “TransRussia – 2021” nəqliyyat və logistika sərgisi çərçivəsində aparılan danışıqlar zamanı əldə olunmuşdur. Beləliklə, “Meçel-Trans” şirkəti (Mechel Qrupunun bir hissəsi) ilə “ADY Express” MMC arasında müqavilə imzalanıb.
“Meçel” şirkətinin rəsmi saytına istinadla bildirmək istərdik ki, “Meçel-Trans” şirkətinin idarəçiliyində 11 min yük vaqonu mövcuddur və illik yükdaşıma həcmi 30 mln tondan çoxdur.
“ADY Express” “Meçel” şirkətinə məxsus məhsulların Gürcüstana nəqlini həyata keçirəcək. Artıq ilk yükdaşıma baş tutub. Rusiyanın “Beloretsk” stansiyasından göndərilən polad tellər yükü, 3 241 km məsafəni qət edərək, Gürcüstanın Tbilisi-Tovarnaya stansiyasına çatdırılıb. İlk yükün həcmi 136 ton təşkil edib, yükgöndərən isə “Meçel” şirkətlər qrupuna aid olan “Beloretsk metallurgiya kombinatı”dır.
Qeyd edək ki, 2020-ci ildə “Meçel” şirkəti 3,7 mln. ton polad və 3,5 mln. ton çuqun istehsal edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button