İqtisadiyyat

“ADY Konteyner” Türkiyənin ixrac yüklərinin Avropaya nəqli layihəsinə başlayıb

“ADY Konteyner” MMC artıq Türkiyə ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinə öz töhvəsini verməyə başlayıb. Belə ki, “ADY Konteyner” MMC Türkiyənin nəqliyyat-logistika şirkəti olan “Pasifik Eurasia Logistics” ilə birgə yüklərin Türkiyədən Avropaya nəql edilməsi üzrə layihəyə başlayıb.
“ADY Konteyner”dən “APA-Economics”ə verilən məlumata görə, birgə layihə çərçivəsində Türkiyə istehsalı olan məhsulların Avropaya və əks istiqamətdə çatdırılması nəzərdə tutulur. Layihənin sonrakı mərhələlərində isə yüklərin Türkiyə vasitəsilə Azərbaycan-Avropa ölkələri arasında daşınması planlaşdırılır.
Layihənin ilkin mərhələsi çərçivəsində Türkiyə istehsalı olan izolyasiya materialları ilə yüklənmiş konteynerlər artıq “Pasifik Eurasia Logistics” şirkəti tərəfindən İstanbuldan Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola salınıb. Həmin konteynerlər Macarıstanda yenidən yüklənərək Türkiyə üçün nəzərdə tutulmuş idxal yüklərini əks istiqamətdə nəql edəcək.
Azərbaycanın tranzit imkanlarının və transkontinental nəqliyyat bağlantılarının gücləndirilməsi ilə yanaşı “ADY Konteyner” MMC Azərbaycan ərazisindən keçməyən marşrutlarda iştirak etməklə regionda müxtəlif logistik məhsullar təqdim etməyə çalışır. Bu addım nəqliyyat-logistika şirkəti olan “ADY Konteyner” MMC -nin daha çox logistika seqmentinin gücləndirilməsinə xidmət edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button