Dünya

AEBA və İran nüvə obyektlərində monitorinqə dair müqaviləni uzadıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və İran ölkənin nüvə obyektlərində monitorinqə dair müvəqqəti texniki müqavilənin iyunun 24-dək uzadılması barədə razılığa gəlib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.
Xatırladaq ki, müqavilənin qüvvədə olma müddəti dünən, yəni mayın 23-də bitib.
R.Qrossi İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Əli Əkbər Salehi ilə uzun məsləhətləşmələr apardığını və nəticədə tərəflərin bəzi məsələlərdə razılığa gələ bildiyini deyib.
“Biz, birincisi, Tehrandakı müxtəlif obyektlərdən texniki vasitələrlə toplanmış məlumatların qorunub saxlanılacağına və agentliyin nəzarətində qalacağına razılaşdıq. İkincisi, razılaşdırdığımız yoxlama və monitorinq işləri əvvəlki formada bir ay davam edəcək və 2021-ci il iyunun 24-də başa çatacaq. Biz bu gün məhz bu haqda razılaşdıq”, – R.Qrossi mətbuat konfransında bildirib.
“Fars” agentliyi dünən İran parlamentinin sədri Məhəmməd Bağer Qalibafın açıqlamasına istinadən xəbər verib ki, AEBA mayın 23-dən etibarən İranın nüvə obyektləri içərisindəki kameralardan videoyazıları və məlumatları əldə etmək hüququna malik deyil.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button