İqtisadiyyat

Aİ Bakı Limanına investisiya yatırmağa hazırdır – FOTO

Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyinin başçılıq etdiyi nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.
Limandan “APA-Economics”ə verilən məlumata görə, limanın Baş direktoru Taleh Ziyadov Avropa İttifaqının komissarına məlumat verib ki, Bakı Limanı, Avropa və Asiya arasında vacib nəqliyyat dəhlizi olan “Orta Dəhliz”-in inkişafında və təşviqində fəal rol oynayır.
Baş direktor Taleh Ziyadov vurğulayıb ki, Bakı Limanı Avropa İttifaqı ilə yaxından əməkdaşlıq edir, 2016-cı ildən bu günə kimi 5 TAIEX və 2 uzunmüddətli texniki yardım layihələri icra olunubdur. Nəticədə rəqəmsallaşma, liman əməliyyatları, menecment, insan resursları, Limanda Regional Təlim Mərkəzinin yaradılması, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr üzrə avropalı tərəfdaşlarla təcrübə mübadiləsi keçirilib.
T. Ziyadov xüsusilə Yaşıl Liman və əməliyyatların rəqəmsallaşması sahələrində uğurlu işlərin görüldüyünü qeyd edərək, bu tədbirlərin gələcəkdə daha geniş formatda davam edəcəyinə inandığını bildirib. Avropalı komissarın diqqətinə çatdırılıb ki, layihənin icrası zamanı liman əməkdaşlarının Rotterdam, Hamburq, Antverpen, Barselona, Valensiya, Venlo və digər qabaqcıl limanlarında təlimlərdən keçməsi insan inkişafına qoyulan ciddi investisiyadır. Layihə çərçivəsində Aİ-nın Xəzər regionunda ilk dəfə “EcoPorts” sertifikatının alınması və bir sıra ISO sertifikatların alınması da əsas nailiyyətlərdən hesab oluna bilər.  
Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi bildirdi ki, Bakı Limanı davamlı nəqliyyat rabitənin təminatı baxımından Avropa İttifaqının diqqətindədir. O bildirdi ki, təmsil etdiyi qurum limanda fərqli layihələrə sərmayə qoymağa hazırdır və rəqəmsallaşma, yaşıl liman istiqamətində də dəstəyini davam etdirəcəkdir. Bütün bu addımlar Bakı Limanının Xəzər hövzəsində etibarlı qovşağa çevrilməsini təmin edəcək.
Görüşün sonunda komissar Varhelyi Bakı Limanının quru yük terminalı ilə tanış olub.
***
11:37
Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.
APA-nın xəbərinə görə, Aİ komissarı bu barədə “Twitter”də yazıb.
“”Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovla görüşdüm. “Şərq Tərəfdaşlığı” üçün İqtisadi və İnvestisiya Planı çərçivəsində qabaqcıl təşəbbüslərdən biri olaraq, bu Port Trans-Xəzər iqtisadi inteqrasiya üçün mal və xidmətlərin rahat və sürətli hərəkətini təmin edən davamlı mərkəz olmaq üçün dəstək alacaq”, – deyə Aİ komissarı qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button