Gündəm

‘Ali təhsil haqqında’ qanun layihəsindən xəbər var

Bugün, iyunun 29-da Milli Məclisin Elm və təhsil komitəsinin “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupla birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri, işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev çıxış edib. O,deyib ki, müzakirəyə təqdim olunan “Ali təhsil haqqında” qanun layihəsi 9 fəsil, 54 maddədən ibarətdir.

Komitə sədri əlavə edib ki, qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır:

“Layihənin hazırlanması zamanı ölkəmizin təcrübəsi, mövcud olan normativ-hüquqi aktlar, Avropa ölkələrinin ali təhsil sahəsində qanunları, beynəlxalq konvensiyaların müddəaları işçi qrupu tərəfindən geniş araşdırılıb, təhlil edilib. Bu qanun Azərbaycanda ali təhsilin yenidən qurulması və Avropa təhsil məkanına ölkəmizdə əldə edilmiş təcrübənin, milli-mənəvi dəyərlərin, milli təhsil sistemimizin qorunması nəzərə alınmaqla tam uyğunlaşdırılması üçün hüquqi baza yaradır”.

O vurğulayıb ki, layihəyə əsasən, ali təhsil 4 səviyyəni müəyyən edəcək:

“Bu səviyyələr arasındakı keçidlər kreditlərin toplanması, təhsil müddətlərinin müəyyən edilməsi, əmək bazarının tələblərinə uyğun olaraq peşə standartlarının, peşə standartları əsasında isə ali təhsil proqramlarının hazırlanmasına imkan yaradacaq”.

“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupu Milli Məclisin Elm və təhsil komitəsi 2019-cu ilin sentyabr ayında yaradıb.

İşçi qrupuna komitənin üzvləri, parlament Aparatının müvafiq şöbələrinin əməkdaşları, Təhsil Nazirliyinin nümayəndələri, rektorlar və təhsil ekspertləri daxildir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button