İqtisadiyyat

Ani Ödənişlər Sistemi üzrə xidmət haqqı tariflərinə tətbiq olunan güzəşt müddəti uzadılıb

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) 2020-ci ilin 1 oktyabr tarixindən real rejimdə istismara verilib.
Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, ilkin mərhələdə əhali və iqtisadi subyektlərin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutulmaması qərara alınıb. AÖS-ün əhatə dairəsinin genişləndirilməsi tədbirlərinin dəstəklənməsi, habelə əhali və iqtisadi subyektlərin sistemin imkanlarından istifadəyə stimullaşdırılmasının davam etdirilməsini nəzərə alaraq, Mərkəzi Bank tərəfindən xidmət haqqı tarifləri üzrə güzəşt müddətinin 1 yanvar 2022-ci il tarixinədək uzadılmasına qərar verilib.
Qeyd edək ki, hazırda 20 bank, Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətləri, habelə sistemin “AniPay” mobil tətbiqindən (“Android”: http://bit.ly/3b78WQo və “iOS”: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button