Cəmiyyət

AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə videobağlantı formatında növbəti iclas keçirib.
AQTA-dan “Report”a verilən məlumata görə, iclasda İctimai Şuranın sorğusu əsasında Şura üzvlərinə Agentliyin sədr müavini Rəşad Mafusov və müvafiq struktur bölmə rəhbərləri tərəfindən funksional fəaliyyət istiqamətləri üzrə geniş məlumatlar verilib.
Həmçinin “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” və digər sahələr üzrə həyata keçirilən tədbirlər barədə Şura üzvləri məlumatlandırılıb və verilən suallar cavablandırılıb. Tədbirin sonunda İctimai Şuranın reqlamentinin təsdiqi və gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button