Cəmiyyət

Atçılıq Federasiyası atçılarla görüşdən niyə imtina etdi?

Azərbaycanın qiymətli sərvətlərindən olan Qarabağ və Dilboz atları, ümumiyyətlə, idman atçılığı bu gün sıradan çıxmaq təhlükəsi qarşısındadır. Peşəkar idman atçılığı ilə məşğul olan şəxslər üzləşdikləri çətinlik ucbatından bu işdən uzaqlaşır, cins atları kənd təsərrüfatı ilə məşğul olanlara satmaq məcburiyyətində qalırlar.

Atçıların Teleqraf.com-a verdiyi məlumata görə, dekabrın 25-də təmir adı ilə fəaliyyəti dayandırılan Binə Atçılıq Mərkəzindən çıxarılan atlar şəhərdəki ippodroma yerləşdirilib. Bu mərkəz Atçılıq Federasiyası tərəfindən Kənd Təsərrüfatı Nazirliyindən icarəyə götürülüb. Bura standartlara cavab vermir. Növbəti at yarışlarının keçirilməsi nəzərdə tutulan Cıdır Atçılıq Mərkəzində sonuncu dəfə 2013-cü ildə yarış keçirilib. O zaman Binə qəsəbə sakini Əzimov Zaur adlı idmançı sərt döngədə atının yıxılması nəticəsində aldığı ağır zədədən dünyasını dəyişmişdi.

Atçılar qeyd edirlər ki, burada qaçış zolağı atların yarışı üçün yararlı deyil. Güclü külək nəticəsində yerə səpilmiş qumdan əsər-əlamət qalmayıb. İndidən sonra bura azı 250 kamaz qum səpilməli, suvarma sistemləri çəkilməlidir ki, atların rahat qaçışı mümkün olsun. Həmçinin ippodroma əkilmiş ağaclar çıxarılmalıdır. Sərt döngələr həm atçıların, həm də atların həyatına təhlükə yaradır. Sürətlə qaçan atlar bu sərt döngələrdə büdrəyir, yıxılır ki, bu da bədbəxt hadisə ilə nəticələnir. Növbəti dəfə burada bu cür xoşagəlməz halın yaşanmasını istəməyən idmançılar yarışda iştirakdan imtina etmək niyyətindədirlər. Qaydalara əsasən yarışlara 1 ay qalmış əsas məlumatlar (uduş fondu, qaçış məsafəsi və s) iştirakçılara verilməlidir. Amma bu günə qədər yarış iştirakçılarına hər hansı məlumat verilməyib.

O da qeyd olunur ki, Atçılıq Federasiyasının fəaliyyətsizliyi ucbatından əksər atçılar bu sahədən uzaqlaşıblar. Çaparlar ya xarici ölkələrə üz tutur, ya da ölkədə qalıb fəhləliklə məşğul olurlar. Yarışların uduş fondu aşağı olduğu üçün at yetişdiriciləri bu sahədən uzaqlaşırlar. Dilboz atları yetişdirən Fuad Həsənov, Habil Lələyev kimi peşəkarlar atları dəyər-dəyməz qiymətinə satmağa məcbur oldular.

Qeyd edək ki, bi müddət öncə respublikada atçılığın inkişafında müstəsna xidmətləri olan bir qrup şəxs redaksiyamız vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlamışdı.
Uzun illərdir, ailəliklə və hətta ata-babadan gələn varislik əsasında, ölkəmizdə milli atçılığın müxtəlif sahələrində – at sahibi, məşqçi, idmançı, mehtər və başqa fəaliyyət növləri ilə məşğul olan müraciət müəllifləri qeyd edirdilər ki, ölkədə at yarışlarının istənilən səviyyədə keçirilməsi müşkülə çevrilib: “Yarışlarda uduşların verilməsi problem olaraq qalır. Əksər at sahibləri və həvəskarlar Cıdır meydanından uzaqlaşdırılıb.

Bu işdə ən çox ziyan çəkən məhz milli atcılığımız oldu. Hamı gözləyirdi ki, xüsusilə Sizin fərmanlarınızdan sonra, Qarabağ və Dilboz atlarını illərdir min bir əziyyətlə, bütün çətinliklərlə saxlayan, yetişdirib, artıranlara dəstək olacaq. Lakin bütün ümidlərimiz puça cıxdı. Hippodromun vəziyyəti də hal-hazırda bərbad gündədir. Hər tərəf zibil yığınıdır. Atlara baxmağa gələn yerli və xarici qonaqlar bərbad vəziyyətdə olan cıdır zolağını, atların saxlanma şəraitini, qeyri – etik və anti-sanitar vəziyyətdə olan əl yuma yerlərini, ayaqyolularını gördükdə ikrah hissi ilə hippodromdan ayrılır və biz atçıların vəziyyətinə acıdıqlarını bildirirlər. Hippodromda qalan idmançı və mehtərlərə ayrılmış yataqxana mikrob mənbəyinə çevrilmişdir. Hətta xarici qonaqlar qarşılaşdıqları bu xoşagəlməz mənzərələrin fotolarını çəkərək geri qayıdırlar”.

Bu müraciət mətbuatda işıqlandırılandan sonra Atçılıq Federasiyasının rəhbərliyi narazı atçılarla görüşə hazır olduqlarını bildirsələr də, bu günə qədər görüş baş tutmayıb. Federasiya rəhbərliyinin görüşdən yayınması haqlı sualları doğurur.

70 hektara yaxın ərazisi olan Binə Atçılıq Mərkəzinin tezliklə atçıların üzünə açılması arzusu ilə yaşayan idmançılar ölkə rəhbərliyindən, xüsusilə də, Prezident İlham Əliyevdən kömək istəyirlər. Onlar həmçinin Mərkəzin ərazisinin satılacağından ehtiyat edirlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button