İqtisadiyyat

Avropa İttifaqı Azərbaycana 3 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda müasir, innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı istiqamətində yeni üçillik layihəyə başlayır.

İstiqlal.az xəbər verir ki, Avropa İttifaqının layihə üçün ayırdığı 3 milyon avro məbləğində vəsait siyasətlərin hazırlanması prosesləri, yerli inkişaf və sosial innovasiyalar üzrə məsələlərdə vətəndaş cəmiyyəti təşkilatlarının iştirak imkanlarını artırmağa kömək edəcək.

Layihə ilə bağlı bugünkü onlayn açılış tədbiri 50-dən çox yerli vətəndaş cəmiyyəti təşkilatı (VCT), sosial müəssisələr və fəal icma qruplarını bir araya gətirib.

Aİ-nin Azərbaycandakı səfiri Kəstutis Yankauskas açılış nitqində deyib ki, Avropa İttifaqı, tərəfdaşı olan Azərbaycanı, özünün modernləşdirmə səylərində dəstəkləməyə davam edir: “Aİ təcrübəsi göstərir ki, müasir cəmiyyət qurmaq – yalnız insan kapitalının inkişafına tam dəstək verildiyi, sosial sahibkarlıq vasitəsilə vətəndaş cəmiyyətinə imkanlar yaradıldığı, eləcə də vətəndaş təşəbbüslərini təşviq edən zaman mümkün olur”.

BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti  deyib ki, VCT-lər müsbət dəyişiklikləri təşviq edəcək güclü müttəfiqlərdir və onlar, 2030-cu il Gündəliyinin həyata keçirilməsində mərkəzi rol oynaya bilər: “Dünya miqyasında qadınların səlahiyyətləndirilməsi, iqlim dəyişikliyi, KOM-ların böyüməsi və əhalinin həssas qruplarına COVID-19 pandemiyası ilə mübarizəsində dəstək olması kimi bir sıra əsas inkişaf sahələrində sosial sahibkarlığın artan rolunu müşahidə edirik və məhz bu layihənin qeyd edilən səy və təşəbbüsləri dəstəkləyəcəyinə və tamamlayacağına inanırıq”.

Önümüzdəki aylarda layihə, vətəndaş cəmiyyəti təşkilatları üçün ehtiyaclara müvafiq olaraq və müxtəlif istiqamətli təlim proqramları, həmçinin kiçik qrant imkanları təşkil etməyə dəstək olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button