ManşetSiyasət

Avropa Məhkəməsi Azərbaycanla bağlı 4 qərarını açıqladı

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, aprelin 22-də Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarlarını elan edib.

Bu barədə hüquqşünas Xalid Ağəliyev məlumat verib. Qərarlar aşağıdaki şəxslərin iddiaları üzrə verilib:

“Əvəz Zeynallı Azərbaycana qarşı” – Məhkəmə bu işdə hesab etdi ki, jurnalistə münasibətdə 5-ci, 6-cı, 8-ci və 10-cu maddələrin pozuntusuna yol verilib. Qərara əsasən, hökumət jurnalistə ümumilikdə 13 min avro təzminat ödəməlidir.

Bu iş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının parlament üzvündən rüşvət tələb etməsi ittihamı əsasında saxlanılması və məhkum olunması ilə bağlıydı. İttihamları rədd edən jurnalist şikayətində iddia edirdi ki, onunla bağlı mühakimə zamanı azadlıq və toxunulmazlıq (Maddə 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), şəxsi həyata hörmət (Maddə 8 ) və ifadə azadlığı hüququna (Maddə 10) müdaxilə edilib.

“Elçin Həsənov Azərbaycana qarşı” – Bu işdə AİHM jurnalsitə münasibətdə onun azadlıq və toxunulmazlıq hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Hökumət jurnalistə 7500 avro təzminat ödəməlidir.

“Bəxtiyar Hacıyev Azərbaycana qarşı” – Hacıyevin işində AİHM onun azadlıq və toxunulmazlıq hüququna müdaxilənin baş verməsinə qərar verib. Qərara əsasən, ərizəçiyə ümumilikdə 12850 avro təzminat ödəniləcək. Bu iş ərizəçinin Gəncə şəhərində polis idarəsində saxlanılması, saxlanılmasının qanunsuzluğunun araşdırılmaması ilə bağlı idi. Şikayətdə elə 3-cü maddənin pozuntusu mübahisələndirilirdi.

4-cü iş – “Hüseyn Abdulvahabov Azərbaycana qarşı” işi baxılacaq ərizələrin siyahısından çıxarılıb.

“AzPolitika.info”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button