İqtisadiyyat

AYİB fəaliyyət göstərdiyi ölkələrin iqtisadiyyatının bu il 4,2% artacağını proqnozlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) proqramlar həyata keçirdiyi ölkələrin iqtisadiyyatının 2021-ci ildə pandemiyadan sonra iqtisadi canlanma fonunda 4,2% artacağını proqnozlaşdırır.
“APA-Economics”in məlumatına görə, bu barədə bankın ” Regional Economic Prospects” hesabatının iyun buraxılışında deyilir.
Sənəd inkişaf etməkdə olan 38 ölkənin iqtisadi vəziyyəti araşdırır. Mövcud proqnoz ötən ilin sentyabrında dərc olunan proqnozla müqayisədə yaxşılaşıb. O zaman bank fəaliyyət göstərdiyi ölkələrin iqtisadiyyatının 3,6% artacağını gözləyirdi.
AYİB-ə görə, iqtisadi dirçəlişə pandemiyadan ciddi zərər vurduğu istehsal və pərakəndə satış kimi sahələrdə artım səbəb olur.
“Genişləndirilmiş peyvənd proqramları və ictimai səhiyyənin yaxşılaşdırılması sosial uzaqlaşmanın və digər məhdudiyyətlərin ləğv edilməsinə imkan verdi. Nəticədə iqtisadiyyat yenidən işə düşdü – istehsal və pərakəndə satışlar əhəmiyyətli dərəcədə bərpa olundu və bankın investisiya qoyduğu bölgələrdə insanların hərəkətliliyi pandemiyadan əvvəlki səviyyəyə qayıtdı”, – sənəddə deyilir.
AYİB-ə görə, 2022-ci ildə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları aktiv şəkildə inkişaf etməyə davam edəcək. Artım tempi 3,9% olacaq.
Regionlara gəldikdə, bank 2021-ci və 2022-ci illərdə Mərkəzi Asiyada (Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistan) iqtisadi artımın 4,5% olacağını gözləyir. Bu, əvvəlki proqnozlardan müvafiq olaraq 1,3 və 3,7 faiz bəndi çoxdur. Bu il ən fəal artım Qırğızıstanda gözlənilir – 6,6%.
AYİB Mərkəzi Avropa və Baltik ölkələrdə (Macarıstan, Polşa, Slovakiya, Sloveniya, Xorvatiya, Çexiya, Latviya, Litva, Estoniya) iqtisadi artım tempinin 2021-ci ildə 4,8%, 2022-ci ildə isə 4,6% təşkil edəcəyini proqnozlaşdırır. Bu, əvvəlki proqnozlara nisbətən 1,3 və 0,7 faiz bəndi çoxdur.
Bundan başqa, AYİB Şərqi Avropa və Qafqaz ölkələrinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) iqtisadiyyatının 2021-ci ildə 2,8%, 2022-ci ildə 3% artacağı gözləyir. Bu proqnoz cari il üzrə 0,2 faiz bəndi yaxşılaşdırılıb, 2022-ci il üçün isə 1,1 faiz bəndi endirilib.
Cənub-Şərqi Avropada (Bolqarıstan, Yunanıstan, Rumıniya) orta artım tempinin 2021-ci ildə 5,2%, 2022-ci ildə isə 5% olacağı gözlənilir. Cənub və Şərq Aralıq dənizi ölkələrində (Misir, İordaniya, Livan, Mərakeş və Tunis) iqtisadi artım bu il orta hesabla 3,5% səviyyəsində, 2022-ci ildə isə 4,6% olacağı gözlənilir.
Qərbi Balkan (Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Serbiya, Çernoqoriya və tanınmamış Kosovo) üzrə bu il üçün AYİB-in proqnozlaşdırdığı ÜDM artımı 5,1%, 2022-ci il üçün isə 3,8% təşkil edir. Türkiyə iqtisadiyyatı 2021-ci ildə 5,5%, 2022-ci ildə isə 4% böyüyəcəyi ehtimal olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button