Gündəm

Azərbaycan 118 min avro təzminat ödəyəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, mayın 20-də Azərbaycanla bağlı bir neçə qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb, dövlətin üzərinə ərizəçilərə ümumilikdə 118 min avrodan artıq təzminat ödəmək vəzifəsi qoyub.

Bu işlər birləşmək hüququnun pozuntusu iddiaları və 2017-ci ildə həbs edilən bloqer Aleksandr Lapşinin şikayəti ilə bağlıdır.

“Mehman Əliyev və başqaları Azərbaycana qarşı” işində AİHM hesab edib ki, ərizəçilərə münasibətdə birləşmək azadlığı hüququ pozulub. 12 ərizəçinin hər birinə 4500 avro, hüquqi xərclərə görə isə ümumilikdə 6000 avro ödənilməlidir.

M.Əliyev 2009-cu ildə Samir İsmayılov və Emin Hüseynovla birlikdə Media Monitorinq İnstitutunu təsis etsələr də, Ədliyyə Nazirliyi həmin təşkilatı qeydiyyata almayıb. Yerli məhkəmələr də bunu qanuni sayıb.

“Elçin Abdullayev və başqaları Azərbaycana qarşı” işində də məhkəmə ərizəçilərin birləşmək hüququnun pozulduğuna qərar verib. Qərara görə, hökumət 13 ərizəçidən dördünün hər birinə 540 avro, ikisinin hər birinə 1080, üçünün hər birinə 1620, bir ərizəçiyə 2160, iki ərizəçinin hər birinə 2430, bir ərizəçiyə 4500, bir ərizəçiyə 6000, bir ərizəçiyə 1000, bir ərizəçiyə isə 360 avro təzminat ödəməlidir (ümumilikdə 28060 avro).

Bu işdə ərizəçilər Abdullayev və Nurməmmədov təsisçiləri olduqları “HIV/AIDS və Vərəmli Xəstələrin Reabilitasiya və Müdafiə Mərkəzi”nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət etsələr də, qeydiyyatdan imtina olunub. Yerli məhkəmələr nazirliyin qərarını haqlı sayıb.

Aleksandr Lapşinə 30 min avro…

“Aleksandr Lapşin Azərbaycana qarşı” işində AİHM ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna (həm substantiv, həm də prosedural) qərar verib. Ərizəçiyə 30 min avro təzminat ödənilməlidir.

Bu iş İsrail, Rusiya və Ukrayna vətəndaşlığı olan ərizəçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə daxil olması səbəbindən saxlanılması, həbs edilməsi, azadlıqdan məhrum olunması zamanı baş verən olaylarla bağlıdır. Ərizəçi yaşamaq və azadlıq-toxunulmazlıq hüququna müdaxilə baş verdiyini iddia edib.

A.Lapşin 2017-ci ilin iyulunda “Azərbaycan sərhədini qanunsuz olaraq keçmə” maddəsi ilə ittiham olunaraq 3 il müddətinə həbs edilmişdi. O, Belarusdan Azərbaycana ekstradisiya olunmuşdu. Həmin ilin sentyabrında əfv edilib.

Bu qərarlara, hələlik, Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button