Gündəm

Azərbaycan BMT missiyasını qəbul etməyə hazırdır

Azərbaycan Xarici İşlər Nazirliyi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) bu ölkənin azad olunan ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı sualı cavablandırıb.

Nazirliyin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib ki, aparılmış ikitərəfli müzakirələr nəticəsində BMTQAK-ın Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib: “Azərbaycan humanitar missiyaların həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquq prinsiplərini, xüsusilə də dövlət suverenliyi prinsipini rəhbər tutaraq beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır. Bu xüsusda, BMTQAK missiyasının azad olunmuş ərazilərimizə həyata keçirilməsi ilə bağlı təşkilatdan konkret məlumatın təqdim edilməsini gözləyirik. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında BMTQAK missiyasını qəbul etməyə hazırdır”.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button