İdman

Azərbaycan boksçuları Tokio Olimpiadasına hazırlığı İtaliyada davam etdirəcək

Tokio Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirən kişi boksçulardan ibarət Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub. 
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, iyun ayında Avropa Olimpiya Təsnifat Turniri bitdikdən sonra davam etdirilən hazırlığın son mərhələsi İtaliyada yekunlaşacaq.
Tokio-2020-yə lisenziya qazanan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevin (+91 kq) heyətində yer aldığı komandamız bu gün Assizi şəhərinə yola düşəcək. Umberto Orta Dominqesin baş məşqçisi olduğu millimiz burada beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Hazırlıqda 10-dək ölkənin iştirakı planlaşdırılır. Onlar arasında İtaliya, Fransa, Dominikan Respublikası, Hindistan, Kanada və digərləri var. 
Boksçularımız Assizidə əsasən fiziki və taktiki hazırlıq üzərində işləyəcəklər. Toplanışın son mərhələsində sınaq döyüşlərinin olması da planlaşdırılır. Yığmamız iyulun 18-dək İtaliyada hazırlıq keçəcək və oradan Olimpiadanın təşkil olunacağı Tokioya yollanacaq. 
Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək. 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button