Cəmiyyət

“Azərbaycan dili” fənni üzrə keçirilən test imtahanı başa çatıb – YENİLƏNİB

Ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənnindən ikinci test imtahanı keçirilib.
“Report” xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 45 dəqiqə davam edib. İmtahanda 2432 nəfərin iştirakı gözlənilirdi.
İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi imtahan şəraiti yaradılıb.
İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir. Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Cari ilin məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.
İyunun 25-dən başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
06.00
Bu gün “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.
“Report” xəbər verir ki, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində ümumilikdə 12 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər.
1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.
2. Mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;
3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.
2-ci və 3-cü kateqoriyaya aid olan abituriyentlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.
İmtahanda ümumilikdə 2 432 (Bakıda 1 936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.
İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button