Gündəm

Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. Onun deməsinə görə, iqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.

Tədbirdə habelə qeyd edilib ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. “…İnvestorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir”, – deyə bildirilib.

Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. O deyib ki, Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir: “İnvestorlar üçün bu amil də çox önəmlidir. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir. Digər tərəfdən, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur”.

Onun deməsinə görə, bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.

Prezident əlavə edib ki, bir ildən sonra – gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq.

Xatırlatma

Ələtdə azad iqtisadi zonasının yaradılması Prezident İlham Əliyevin 2016-cı ilin martında imzaladığı sərəncamda nəzərdə tutulurdu. Həmin sərəncam “Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər planı haqqında” adlanırdı.

Prezident 2017-ci ilin mayında da azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi haqda sərəncam imzalamışdı.

Fərmana əsasən, azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə İşçi qrup yaradılıb və Milli Məclisin sədr müavini Valeh Ələsgərov onun sədri təyin edilmişdi.

Azad zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button