Cəmiyyət

Azərbaycan-Türkiyə qardaşlığı özündə milli-mənəvi və ortaq dəyərləri əks etdirir

Təqvim günlərini tarixə çevirən həmin vaxt baş verən hadisələrdir. Heç şübhəsiz, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri də tarixi hadisədir. Prezident İlham Əliyevin də dediyi kimi, dövlətlərimiz arasındakı münasibətlər xalqlarımızın dahi övladları Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları ilə açıq-aydın ifadə olunmuşdur.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib.
Deputat deyib ki, dünən dünyanın gözü iki qardaşın görüşündə idi. Bu qardaşlıq özündə milli-mənəvi və ortaq dəyərləri, strateji tərəfdaşlıqları əks etdirir. Görüş həm də işğaldan azad edilən torpaqlara səfər edən ilk xarici dövlət başçısının məhz qardaş ölkədən gəlməsi ilə vacib bir mesaj ötürdü. 44 günlük Vətən müharibəsi başlayan andan qurtarana qədər dost, qardaş dövlət olan Türkiyə Cümhuriyyəti mənəvi cəhətdən Azərbaycanın yanında olmuş, beynəlxalq arenalarda haqq işimizi bizimlə birgə müdafiə etmiş, sözün əsl mənasında qardaşlıq nümunəsi göstərmişdir. Vətən müharibəsi bitdikdən sonra da biz qardaşlarımızın hərtərəfli dəstəyini hiss etmişik. Prezident İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşa səfəri Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələyə qədəm qoyması kimi də şərh edilə bilər.
“Düşünürəm ki, bu səfər özündə üç istiqaməti ehtiva edir. Birincisi, Ermənistan imzalanan müqavilənin şərtlərinə mütləq əməl etməlidir. Məlum olduğu kimi, Ermənistanda müəyyən revanşist qüvvələr sərsəm bəyanatlar səsləndirir, regionda öz maraqlarını hansısa formada gücləndirməyə çalışan dövlətlər isə tarixi reallıqlardan uzaq bəyanatlar verirlər. Bu səfərlə həmin qüvvələrə açıq-aydın mesaj verilir – strateji tərəfdaşlar, qardaş dövlətlər bir-birinə bundan sonrakı dövrdə də dəstək olacaqlar. İkincisi, Ermənistan öz qonşuları ilə normal münasibətləri bərpa etməlidir. Azərbaycanın Vətən müharibəsində qələbə qazanması bölgədə tam yeni reallıqlar yaratdı. Əgər Ermənistan bu reallıqları qəbul edər və qonşuları ilə normal münasibətlər qurarsa, o zaman bu bölgə üçün xeyirli olar. Əks halda, Ermənistan mövcudluğunu proksi dövlət kimi davam etdirəcək. Bundan başqa, təbii ki, dövlətlərimiz arasında imzalanan strateji Şuşa Bəyannaməsidir. Bu müqavilə dövlətlərimiz arasında mövcud olan strateji münasibətləri daha da gücləndirərək növbəti mərhələyə qaldıracaq”, – deyə Ş.İsmayılov qeyd edib.
Deputat vurğulayıb ki, Şuşadan region dövlətlərinə, o cümlədən dünyaya çox açıq və aydın mesaj verildi – regionun güclü, strateji tərəfdaş, qardaş olan dövlətlərinin birliyi bundan sonrakı dövrdə də davam edəcək və bu bölgə ilə bağlı xam xəyallara dalan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button