Gündəm

Azərbaycan və Ermənistan tərəfi atəş açıldığını bildirir 

Ermənistan Müdafiə Nazirliyi iyunun 10-da Azərbaycan silahlı qüvvələrinin sərhəd bölgəsində mühəndis işləri aparmaq istəməsi və erməni tərəfin işi dayandırmaqdan ötrü cavab addımına əl atması haqda məlumat yayıb.

Məlumatda o da deyilir ki, Azərbaycan tərəf Ermənistan mövqelərinə atəş açıb və onlar da adekvat cavab veriblər.

Azərbaycan Müdafiə Nazirliyi də bu haqda məlumat yayıb. Məlumatda deyilir ki, dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açıb.

Hər iki tərəf də bildirir ki, həlak olan və ya yaralanan yoxdur.

“Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir” – Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Azərbaycan tərəfi baş vermiş hadisəyə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edir.

Son günlər Kəlbəcər istiqamətində vəziyyət gərgindir. Bir müddət öncə Azərbaycan tərəfi Ermənistana aid kəşfiyyat-diversant qruplarının sərhədi keçməsi, onlardan 6 nəfərinin saxlanılması haqda xəbər yaymışdı.

Bir qədər sonra isə Kəlbəcər rayonu Susuzluq kəndində 3 nəfər mülki vətəndaş – ikisi journalist və bir məmur minaya düşərək həlak olub, 4 nəfər yaralanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button