Gündəm

Azərbaycan və Fransa nazirləri danışıb

Dünən, mayın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı qarşı tərəfin təşəbbüsü ilə gerçəkləşib.

Məlumatda yazılıb ki, nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklə bağlı məsələləri müzakirə ediblər .

Açıqlamaya görə, C.Bayramov deyib ki, uzun müddətdən sonra Ermənistan ilə sərhədlərin gücləndirilməsi tədbirləri həyata keçirilir və bu xüsusda Azərbaycan sərhəd qüvvələri öz ölkələrinə aid mövqelərdə yerləşiblər: “Tərəflər arasında mövcud olan fikir ayrılığı, yaranmış gərginliyin aradan qaldırılması üçün Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşma, o cümlədən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edilməsi və danışıqların aparılması ilə bağlı qarşı tərəfə məlumat verib”.

Bildirildiyinə görə, C.Bayramov sərhəd gərginliyi məsələsinin şişirdilməsinin, siyasiləşdirilməsinin yolverilməz olduğunu və bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.

Məlumata görə, nazirlər, həmçinin münaqişə sonrası məsələlər ətrafında ümumi fikir mübadiləsi aparıblar.

Xatırlatma

Ermənistanın rəsmi qurumlarının bildirdiyinə görə, mayın 12-də Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub. Ancaq Azərbaycan tərəfi baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

2020-ci il 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Hər iki ölkə müstəqil olandan (1991) sonra onların arasında sərhədlər dəqiqləşdirilməyib.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button