İqtisadiyyat

Azərbaycan və Özbəkistan illik ticarət həcmlərini 500 mln. dollaradək artırmağı planlaşdırır

Azərbaycan və Özbəkistan illik ticarət dövriyyəsinin həcmini 500 mln. ABŞ dollarınadək artırmaq niyyətindədirlər.
“APA-Economics” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakovun Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevlə görüşü zamanı bildirilib.
Görüşdə Azərbaycan şirkətlərinin Özbəkistan istehsalçıları ilə tekstil, dəri-ayaqqabı, zərgərlik və elektrotexniki sənaye sahələrində əməkdaşlığın qurulması üçün işlərin intensivləşdirilməsi barədə razılıq əldə edilib, qarşılıqlı ticarət həcminin artırılması yolları müzakirə olunub.
Tərəflər investisiya əməkdaşlığının artırılması üçün prioritet sahələri müəyyən edib, kənd təsərrüfatı, tikinti materialları istehsalı və turizm sahələrində konkret layihələri nəzərdən keçiriblər.
Görüş zamanı həmçinin nəqliyyat və logistika sektorunda əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə diqqət yönəldilib. Qarşılıqlı yükdaşımaların inkişafı və iki ölkənin tranzit potensialının artırılması ilə bağlı bir sıra məsələyə baxılıb. Kənd təsərrüfatı məhsullarının emalı və ixracına yönəlmiş birgə aqrologistik klasterlərin yaradılması imkanları öyrənilib.
Danışıqların yekunu olaraq, tərəflər əvvəllər əldə olunan razılaşmaların tətbiqi və təşviqi, eləcə də ikitərəfli tərəfdaşlığın gündəliyinin genişləndirilməsi istiqamətində qarşılıqlı fəaliyyətə sadiq olduqlarını bildirib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button