Cəmiyyət

Azərbaycanda həyata keçirilən Pilot Layihə davam edir

“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda həssas təbəqədən olan uşaqlar üçün icma və ailə əsaslı kompleks sosial xidmətlərin hazırlanması” proqramı çərçivəsində BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Şirvanda Universal və Mütərəqqi Ev Ziyarəti Modelinin tətbiqi” üzrə pilot layihəsinin icrasını davam etdirir.

“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin sədri Rauf Rəcəbov bildirib ki, düzgün qidalanma, ehtiyaclara uyğun qayğı, təhlükəsiz və etibarlı mühit, erkən öyrənmə imkanları və sağlamlıq, bəsləyici qayğının əsas komponentləri sayılır. Ona görə də uşağın məktəb yaşına qədərki dövr ərzində nitq, dil, motorika, sosial və emosional inkişaf sahələrində vərdiş və bacarıqlara yiyələnməsi çox vacibdir. Bu bacarıqların hamısı gələcəkdə uşaqların düşünməyə, problemləri həll etməyə, emosiyalarını ifadə etməyə ünsiyyət və əlaqələr qurmalarına kömək edəcək. Erkən Uşaqlıq Dövrünün İnkişafı həmçinin, yaxşı sağlamlıq, məhsuldar öyrənmə, rifahın təməli və gələcək insan kapitalının formalaşması üçün əsas hesab edilir.

Təlimin ilk günündə UNİCEF-in Azərbaycan nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova ev ziyarətçilərinin (patronaj tibb bacılarının) yeni rolu və əhəmiyyəti, eləcə də COVID-19 pandemiyası dövründə ev ziyarətlərinin təşkili və onun riskləri barədə iştirakçılarla vacib məlumatları paylaşıb. Təlim zamanı iştirakçılara ana südünün əhəmiyyəti, əlavə qidadan istifadə qaydaları, həmçinin erkən uşaqlıq dövrünün uşağın gələcək həyatında rolu, ataların uşaq inkişafı prosesində iştirakının əhəmiyyəti, uşağın inkişafı üçün vacib, həmçinin onun inkişafına mənfi təsir göstərə biləcək amillər və fərqli inkişaf edən uşaqlara aid mövzular təqdim olunub.

Şirvan bölgəsində həyata kecirilən pilot layihənin əsas məqsədi erkən yaşda olan uşaqların sağlam inkişaf etdirilməsi, onların düzgün qidalanması, erkən öyrənmə imkanları, uşaqların təhlükəsizliyi və bəsləyici qayğı ilə bağlı valideynlərə və uşaq baxıcılarına yardımçı olmaqdır.

Layihə çərçivəsində Şirvan şəhərində həyata keçirilən “Ev ziyarətçiləri üçün Resurs” modullar üzrə 16 günlük təlimlərdə uşaq xəstəliklərinin inteqrativ müalicəsinə dair gündəlik təcrübədə edilən dəyişikliklər, Körpələr və Azyaşlı Uşaqların qidalanması, peyvənd, qayğı və gücləndirmə ilə bağlı, Azərbaycanın tanınmış təlimçiləri tərəfindən ətraflı məlumatlar verilib.

Aprel ayından başlayaraq 30 nəfərlik tibb heyəti ilə birlikdə QHT əməkdaşları azyaşlı uşaqları (0-3 yaş) olan ən azı 1500 ailə, 0-3 yaşlı (0-36 ay) ən azı 3000 uşağın ev ziyarətini həyata keçirəcəklər.

Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən layihəyə dekabr ayında yekun vurulacaq.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button