İqtisadiyyat

Azərbaycanda iyunda elektrik enerjisinə tələbat rekorda çatıb

Azərbaycanda bu ilin iyun ayı üzrə elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb.
“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, belə ki, iyun ayının 21-dən etibarən havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub ki, bu da, elektrik enerjisi istehlakının artmasına təsir edib. 
İyun ayının 21-26-sı aralığında enerji göstəricisinə tələbat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik 6,2 mln. kVt-saat artıb. İyun ayının 27-si 16,4 mln. kVt-saat, iyun ayının 28-i 20,4 mln. kVt-saat, iyun ayının 29-u isə 18,2 mln. kVt-saat olmaqla son 3 gündə 55,0 mln. kVt-saat elektrik enerjisinin istehlakında artım qeydə alınıb. 
Bununla da iyun ayının 29-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” üzrə 66,4 mln. kVt-saat qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub. İyun ayında isə ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 106 mln. kVt-saat olması gözlənilir.
ASC tərəfindən abonentlərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq. Hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər.
Qeyd edək ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın 0-a endirilməsi eyni zamanda hesabat dövrünün qüsursuz icra edilməsi üçün “Azərişıq”ASC-də yeni layihələrdən biri olan, sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button