İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracı 27%-dək artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 6,4 mlrd. ABŞ dollar, qeyri-neft sektoru üzrə 697 mln. dollar təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 146 mln. dollar və ya 26,5% artıb.
2021-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (96,4 mln. dollar) birinci olub. Bu siyahıda qızıl ikinci (64,6 mln. dollar), pomidor (tomat) isə üçüncü (42,3 mln. dollar) yerdə qərarlaşıb. Statistikaya əsasən, digər mallar müvafiq olaraq, ilkin formalı polipropilen (37,1 mln. dollar), qabığı təmizlənmiş meşə fındığı (34,7 mln. dollar), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (33,6 mln. dollar), xurma (31,9 mln. dollar), elektrik enerjisi (23,2 mln. dollar) və s. təşkil edir.
2021-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 216,2 mln. dollar, Rusiyaya 188,5 mln. dollar, İsveçrəyə 68,2 mln. dollar, Gürcüstana 53,5 mln. dollar və ABŞ-a 23 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2021-ci ilin aprel ayı Azərbaycanın ümumi ixracı 3,2 mlrd. dollar, qeyri-neft sektoru üzrə ixrac 195,4 mln. dollar təşkil edib. 2021-ci ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (58,7 mln. ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (53,2 mln. dollar) və İsveçrə üçüncü (23,3 mln. ABŞ dollar) olub.
2021-ci ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (27,8 mln. ABŞ dollar) birinci, qızıl (21,2 mln. dollar) ikinci və pomidor (21 mln. dollar) üçüncü olub.
2021-ci ilin yanvar-aprel ərzində meyvə-tərəvəz ixracı 131,5 mln. dollar, pambıq lifi ixracı 97 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 53 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 31,4 mln. dollar, pambıq ipliyi ixracı 15,2 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 13,1 mln. dollar, şəkər ixracı 13,3 mln. dollar, bitki heyvan mənşəli piylər və yağlar ixracı 11,2 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 5,1 mln. dollar və çay ixracı 3 mln. dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button