İqtisadiyyat

“AzInTelecom” startaplara dəstək proqramına start verir

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC startap layihələrinə birbaşa tərəfdaşlar vasitəsilə dəstək göstərən “Azcloud ScaleUp” proqramına start verir. Məqsəd – ölkədə əlverişli rəqəmsal ekosistemin inkişafına töhfə verərək yeni ideyaların yaradılması, innovativ sahibkarlığın təşviqidir.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, proqram çərçivəsində “AzInTelecom” təşkilatçı qismində 5 000 manatadək bulud xidmətləri, startapı inkişaf etdirmək üçün zəruri infrastruktur, AZCLOUD kanalları vasitəsilə təbliğat, biznes tədbirlərində və sərgilərdə iştirakın təşkili, ekspertlər tərəfindən biznes və texnologiya yönümlü təlimlər də daxil olmaqla genişmiqyaslı tədbirlər həyata keçirməyi planlaşdırır.
Azərbaycanda potensialı olan startaplara bizneslərini etibarlı və davamlı şəkildə böyütməyə, biznes cəmiyyəti və sifarişçilərlə ünsiyyət qurmağa yönələn “Azcloud ScaleUp” əsasən yeddi prioritet sahə – aqrar, təhsil, tibb, “ağıllı” ölkə, ekologiya, oyun və onlayn ticarət üzrə layihələrə dəstək göstərəcək.
“Azcloud ScaleUP” proqramına startaplarla yanaşı, tərəfdaş olmaq istəyən təşkilatlar və şirkətlər də müraciət edə biləcək. Ekosistem proqramları və rəqəmsal transformasiya üzrə layihələrdə startaplara dəstək olaraq “AzInTelecom” MMC ilə inkubasiya, akselerasiya mərkəzləri, vençur fondları və digər aidiyyəti təşkilatlar arasında Anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində aparılan ardıcıl islahatlarda önəmli rol oynayan “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarına malik ilk əlçatanlıq zonası əsasında “AZCLOUD bulud”, “AZCLOUD Enterprise” və “Hökumət həlləri” xidmətləri göstərir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button