İqtisadiyyat

Bərpa olunan enerjinin mənbəyinə dair sertifikat veriləcək

Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat veriləcək.
APA-nın məlumatına görə, bu, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadə, fəaliyyət planının icrası, məlumatlandırma işinin təşkili məqsədilə bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq. Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemində bərpa olunan enerji mənbələri ilə bağlı digər məlumatlarla yanaşı, bərpa olunan mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə aşağıdakı rüblük və illik məlumatlar yerləşdirilir:
– stansiyanın layihədə nəzərdə tutulmuş gücü;
– hesabat dövründə stansiyada istehsal olunan elektrik enerjisinin həcmi;
– hesabat dövründə stansiyanın istehsalı nəticəsində ölkə üzrə qənaət olunmuş təbii qazın həcmi;
Layihəyə əsasən, elektrik enerjisi təchizatçılarının istehlakçılara satılan elektrik enerjisinin mənbəyinin sənədləşdirilməsi, elektrik enerjisi bazarında alqı-satqı zamanı bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi mənbəyinin müəyyənləşdirilməsi və izlənilməsi, istehsalçıların bu Qanun çərçivəsində müəyyən edilmiş dəstək mexanizmlərindən istifadə etməsi məqsədilə istehlakçı və ya istehsalçının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat veriləcək.  Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydası və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.  

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button