Cəmiyyət

Bağçalar bağlıdır, açıq? – Qurumlar bir-birini təkzib edir

“Bağçaların fəaliyyətini dayandırmaq icra hakimiyyətlərinin səlahiyyətində olan məsələ deyil”.

Bunu “Toplum TV”-yə  Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

Amma qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti bağçaların bağlanıb-bağlanmaması ilə bağlı açıqlama verməlidir.

Təhsil naziri Emin Əmrullayev aprelin 3-də “Feysbuk”-dakı canlı yayımında məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin davam edəcəyini bildirmişdi.

Aprelin 4-də isə məlumat yayılmışdı ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeronda aprelin 5-dən etibarən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanacaq.

Bu məlumatı Bakı Şəhər İcra Hakimiyyəti də təsdiqləyib.

Bəs bağçalar açıqdırmı? 

“İndiqo” özəl uşaq bağçasının baş ofisindən “Toplum TV”-yə bildiriblər ki, müəssisə qapadılmayıb: “Hələ ki fəaliyyətimizi dayandırmamışıq. Çünki Təhsil Nazirliyi bu barədə hansısa qərar qəbul etməyib”.

“Zümrüd” özəl uşaq bağçanın administratoru da eyni məzmunda açıqlama verib: “Dövlət bağçaları ilə əlaqəmiz var. Bizə bildirdilər ki, qapanma müvəqqətidir və vaksinasiya ilə bağlıdır. Verilən açıqlamalarda dəqiqlik olmadığı üçün heç kim düzgün məlumat verə bilmir”.

Bakıda fəaliyyət göstərən bir neçə bağçayla telefon əlaqəsi yaratmaq cəhdimiz baş tutmadı.

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva “Toplum TV”-yə açıqlamasında bunu karantinlə əlaqələndirib: “Bakı Şəhəri İcra Hakimiyyətindən bizə daxil olan məlumata görə, dövlət bağçalarının fəaliyyəti dayandırılıb”.

Cəsarət Valehov – Sosial Media

Təhsil Nazirliyinin mətbuat katibi C.Valehov tezliklə rəsmi məlumat veriləcəyini qeyd edib: “Dediyim kimi, bu, bilavasitə icra hakimiyyətlərinin səlahiyyətində olan məsələ deyil, amma onların bəyanat yaymasını gözləyək. Təfərrüatlar tam aydın olacaq”.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, paytaxtdakı dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti davam edir: “Bağçalarda çalışan işçi heyətin qısa müddət ərzində tam tərkibdə peyvənd olunması ilə bağlı tapşırıq verilib”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button