İqtisadiyyat

“Bakı Metropoliteni” pandemiya ilə mübarizəyə ayrılan vəsaitin müəyyən hissəsini səmərəsiz xərcləyib

“Bakı Metropoliteni” QSC-yə 2020-ci ildə dövlət büdcəsindən ayrılan subsidiyanın məbləği 2018-ci və 2019-cu illərlə müqayisədə müvafiq olaraq 8,8 mln. manat (18%) və 9,4 mln. manat (19%) azalaraq 40 mln. manat təşkil edib.
“APA-Economics”in məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Qeyd olunub ki, bununla yanaşı “Pandemiya ilə bağlı metro ilə sərnişindaşıma fəaliyyətinə maliyyə dəstəyi” adı ilə əvəzsiz əsaslarla əlavə olaraq 27 679,0 min manat məbləğində vəsait də köçürülüb.
Son nəticədə 2018-ci ilin avqust ayından metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifinin bir gediş üzrə 50% artması (20 qəpiyə qarşı 30 qəpik), eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarları ilə tətbiq olunan məhdudiyyətlər səbəbindən metro nəqliyyatı ilə sərnişindaşımanın 2020-ci ildə illik istismar təqviminin 30-40%-i intervalında fəaliyyət göstərməsi şəraitində bu nəqliyyat sahəsinə yönəldilən əvəzsiz köçürmələr çərçivəsində dövlət büdcəsinin maliyyə yükü azalmayıb, əksinə artıb.
Dövlət büdcəsindən əvəzsiz əsaslarla alınmış maliyyə vəsaitlərinin təxminən 25 mln. manat civarında olan hissəsi xammal, materialların və təmizlik xidmətlərinin alınması istiqamətləri üzrə xərclənsə də əhəmiyyətli hissəsi debitor borclardan və mal qalığından ibarət olub.
“Nəticə olaraq qeyd etmək lazımdır ki, “Pandemiya ilə bağlı metro ilə sərnişindaşıma fəaliyyətinə maliyyə dəstəyi” adı ilə əvəzsiz əsaslarla verilən 27,679 mln. manat məbləğində vəsaitin müəyyən hissəsi pandemiya ilə əlaqədar olmayan istiqamətlərə, o cümlədən 8 320,5 min manatı əvvəllər bağlanılmış müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinə və 135,8 min manatı isə vergi ödənişlərinə yönəldilib”, – rəydə deyilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button