İqtisadiyyat

Bakıda gələn həftə beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgiləri keçiriləcək

10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgiləri keçiriləcək.
“Caspian Event Organizers” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, canlı təşkil olunan tədbirlərin təhlükəsiz keçirilməsi üzrə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) tövsiyələrinə (sosial məsafə, maska rejimi, antiseptik / təmizləyici vasitələrin tətbiqi, bədən hərarətinin yoxlanılması və ərazinin müntəzəm dezinfeksiya edilməsinə) əsaslanır.
“Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edəcək. Açıq sahədə yerləşəcək ekspozisiyanın miqyası 2019-cu ildəki ekspozisiya ilə müqayisədə artmışdır. Bu il Azərbaycan, ABŞ, Almaniya, Əfqanistan, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva, Niderland, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, Vircin adaları, Yunanıstan da daxil olmaqla dünyanın 28 ölkəsindən 237 şirkət bu sərgilərdə iştirak edəcəklərini təsdiqləyiblər.
Sərgilərdə Əfqanıstan və Belarusu təmsil edən milli qruplar, Rusiya Federasiyasını təmsil edən Kirov və Adıgey rayonunun qrupları, həmçinin bu il sərgidə debüt edən Moskva regional qrupu iştirak edəcək.
Bu il sərgilərdə qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual olan bütün məsələlər təqdim olunacaq. Hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara da xüsusi diqqət verilib. Həmçinin, sərgidə bir sıra iştirakçı Qarabağ regionunun inkişafı üçün xüsusi təklif, layihə və xidmətləri nümayiş etdirməyi planlaşdırır.
“Caspian Agro 2021” sərgisi kənd aqrar-sənaye kompleksinin müxtəlif sahələrinin daxil olduğu tematik bölmələri əhatə edəcək: kənd təsərrüfatı texnikası, heyvandarlıq və quşçuluq, yemlər, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, kənd təsərrüfatında innovasiya texnologiyaları və s.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button