Mədəniyyət

Bakıda “Homo Urbanus Europeanus” adlı fərdi sərgi təqdim edilib (FOTO)

Bakı. Trend:
Mayın 20-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Bakı Küçə Fotoqrafiyası Festivalı Jan-Mark Karaççinin (Fransa) “Homo Urbanus Europeanus” adlı fərdi sərgi təqdim edəcək. Sərgi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və YARAT Müasir İncəsənət Məkanı tərəfindən, 27 Avropa paytaxtını təmsil edən “Avropa günləri” çərçivəsində təşkil edilir. Sərgi mayın 29-dək davam edəcək.
Trend xəbər verir ki, sərginin açılışında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas çıxış edərək bildirib ki, “27 Avropa paytaxtı haqqında sərgi fərqlilikdən daha çox eyniliyə, avropaçılıqdan çox müxtəlifliyə önəm verməsini nümayiş etdirir. Bizdən “Biz kimik? Avropa nədir? Harada başlayır və bitir?” deyə soruşur. Jan-Mark Karaççi’nin “Homo Urbanus Europeanus” sərgisi, Avropa Gününü mükəmməl formada qeyd edərək “Avropaya hə” fikrini çatdırır.”
“Homo Urbanus Europeanus” sərgisi şəhər fonunda çəkilmiş tənha simaları və ayrı-ayrı şəxsləri nümayiş etdirir. Sərginin müəllifi, fotoqraf-rəssam Jan-Mark Karaççi şəhər mənzərələrini sanki bir arxeoloqun müşahidə etmək, axtarmaq, qazmaq və müəyyən primitiv məkanları rekonstruksiya etmək səyləri kimi təsvir etmişdir. O, şəhər sakinlərini və onların ətrafını sanki hansısa bioloqun müəyyən hüceyrəni araşdırdığı kimi müşahidə etmişdir.
“Homo Urbanus Europeanus” silsiləsinə daxil olan hər bir şəkil, öz dəqiq çərçivəsi və səliqəli üslubuna görə, nümunəvi vətəndaş üçün dövlət himni kimi səslənir. Bu personaj bir qayda olaraq, tək-tənha bütün şəhər boyunca gəzir, dayanır və uzaqdan salamlaşır. Tənha olmasına baxmayaraq, o, son dərəcə qürurlu və qətiyyətlidir, heç bir özgəlik nümayiş etdirmir, özünü daha çox əzmkar fateh kimi aparır.
Karaççinin dediyi kimi, “həmişə lazımi zaman lazımi yerdə olan, incəliklə həkk olunmuş bu insan varlığı, bu siluet, şəhərə gözlənilməz gözəllik və əzəmət verir.”
“Homo Urbanus Europeanus” layihəsinə 2007-ci ilin iyununda Bratislava şəhərində start verilib. İndiyə qədər bu layihə çərçivəsində artıq 43 Avropa paytaxtı və metropoliyalara səfər edilib… 2022-ci ildə, Jan-Mark Karaççi Bakıya səfər etməyi və Azərbaycanın paytaxtını “Homo Urbanus Europeanus” silsiləsinə daxil etməyi planlaşdırır.
“Homo Urbanus Europeanus” sərgisi indiyə qədər 27 ölkədə, o cümlədən Polşa, Fransa, İspaniya, Bolqarıstan, Almaniya, Böyük Britaniya, Avstraliya, Estoniya, Çexiya, Finlandiya, Makedoniya, Çin, Cənubi Koreya, Sloveniya, Slovakiya, Ukrayna, Xorvatiya, Avstriya, Macarıstan, Qazaxıstan, Burkina-Faso, Kipr, Braziliya, Kot d’İvuar, Zimbabve, Trinidad və Tobaqo, habelə Peruda keçirilib.
***
Fotoqraf haqqında
Jan-Mark Karaççi (d.1958, Tunis) Parisdə yaşayır və işləyir. Erkən uşaqlıq dövründə, böyük qardaşının köməyi və dəstəyi ilə fotoşəkil çəkməyə başlayıb və ilk dəfə 15 yaşında fotolaboratoriyadan istifadə edib. 20 yaşında ikən o, ordu sıralarına qəbul olub və burada ona alayın rəsmi fotoqrafı olmaq qismət olub. Öz-özünə öyrənən fotoqraf kimi, orduda xidmət edərkən, insanların fotoşəkillərini çəkməklə, öz bacarıqlarını və texniki biliklərini inkişaf etdirib.
Jan həmişə insana mənsubiyyətin reprezentasiyası, nadir hallarda isə sosial obyekt kimi yanaşıb. Onun yaradıcılığı həmişə Anri Kartye-Bresson, Elliott Ervitt, Raymon Depardon kimi fotoqraflar, həmçinin amerikalı rəssam Edvard Hopperdən ilhamlanıb.
***
Sərginin kuratoru Fəxriyyə Məmmədovadır.
***
Sərginin adı: Jan-Mark Karaççinin “Homo Urbanus Europeanus” fərdi sərgisi
Keçirilmə tarixləri: 20 -29 may 2021-ci il
Keçirilmə yeri: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, 2-ci mərtəbə
Bayıl, Dövlət Bayrağı Meydanı
Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar günü, saat 12:00-dan 20:00-dək
Giriş sərbəstdir

*Xahiş edirik, nəzərə alasınız ki, pandemiya məhdudiyyətləri ilə əlaqədar olaraq, sərgi məkanında ziyarətçilərin sayı 8 nəfərə qədər məhdudlaşdırılır.
***
Festival haqqında
YARAT Müasir İncəsənət Məkanı 1-ci Beynəlxalq Bakı Küçə Fotoqrafiyası Festivalını (BKFF) təqdim edir. BKFF – küçə fotoqrafiyası janrında ən yaxşı əsərləri bir araya gətirən beynəlxalq fotoqrafiya festivalıdır. Karantinin uzun ayları ərzində, hamımız parlaq hadisələr üçün darıxmışıq və şəhərimizin, onun binaları və küçələrinin gözəlliyini yeni tərzdə qəbul etməyi öyrənmişik…
2021-ci ilin festival müsabiqəsinin mövzusunun adı “Küçələr fokusda” kimi seçilmişdir. Ağac yarpaqlarında işıq oyunu, təsadüfi keçən insanların simaları, sənaye landşaftları sizi valeh edirsə, əgər siz də hər hansı hekayəni fotoqrafiya vasitəsilə çatdıra bilirsinizsə və ya sadəcə müəyyən anları bir kadrla “tutmağı” sevirsinizsə, o zaman, sizi Bakı Küçə Fotoqrafiyası Festivalına qatılmağa dəvət edirik! Festival YARAT Müasir İncəsənət Məkanın (Azərbaycan) və fotoqraf, səyyah Andrey Qlazkovun (Rusiya) təşəbbüsü ilə təşkil olunub. Müsabiqədə iştirak etmək üçün sadəcə www.bakustreetphoto.az səhifəsinə daxil olaraq şəkilləri kompüterinizdən yükləmək və ya fotolarınızı [email protected] e-poçt ünvanına göndərmək lazımdır. Ərizələrin qəbul tarixi başa çatdıqdan sonra, siz e-poçt vasitəsilə iştirak haqqında təsdiq alacaqsınız. İştirak etmək üçün fotoşəkillərinizi #streetinfocuscontest #bakustreetphoto2021 həştaqları ilə müsabiqənin Instagram səhifəsinə də yükləyə bilərsiniz.
Müsabiqə Canon və DiVi şirkətlərinin dəstəyi ilə təşkil olunur.
Dəvət olunmuş xarici fotoqraflar:
İqor Muxin (Rusiya), Jan-Mark Karaççi (Fransa), Darya Troitskaya (İtaliya), Konstantin Nosaçev (ABŞ), Saşa Van Der Verf (Avstriya), Nikolay Dutkin (Rusiya), Rebekka Uiltşir (Avstraliya), Mehran Çeraqçi (İran), Quram Tsibaxaşvili (Gürcüstan), Levan Kerxeulidze (Gürcüstan) və başqaları.
Dəvət edilmiş fotoqraflar (Azərbaycan):
Rafael Qəmbərov, Asim Talıb, Mirnaib Həsənoğlu, Şahvələd Eyvazov, İlqar Cəfərov, Rüfət Abas, Eldar Əkbərov, Emil Xəlilov, Sevinc Aslanova, Emil Ağayev, Aqdes Bağırzadə, Vüqar İbadov, Sitara İbrahimbəyli, Nana Qafarova, Zaur Mirzəyev, İlkin Hüseynov, Məcid Əliyev, İlkin Yaqubov və başqaları.
Dəvət olunmuş qonaqlar:
Lado Poçxua (ABŞ), Elene Kapanadze (Gürcüstan), Fariza Babayeva (Azərbaycan), Bəhruz Hüseynzadə (Azərbaycan), Bəhram Bağırzadə (Azərbaycan), Vyaçeslav Sapunov (Azərbaycan) və başqaları.
***
Festivalın tərəfdaşları:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İçərişəhər Muzeylər Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA), Azərbaycan Fotoqraflar Birliyi, Bakı Fotoqrafiya Evi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Bakı Media Mərkəzi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Bakı Kitab Mərkəzi, VARYOX, ArtsCouncil Azərbaycan, Tbilisi Fotoqrafiya və Multimedia Texnologiyaları Muzeyi, Tbilisi Foto Festivalı, Bəhruz Kolleksiyası, “Urban Street Photo” qalereyası, “Art Factor” Agentliyi, Orxan Aslanovun studiyası, United Coffee Beans, Barza Art Bureau, Tbilisi Fotografia.Ge Qaleryası, Tbilisi Container Gallery, PROBaku, DJ Rameen və b.
İnformasiya tərəfdaşları:
Trend.az, Day.az, Milli.az, Azernews.az, AZƏRTAC (Azərbaycan Dövlət İnformasiya Agentliyi), Mədəniyyət TV, CBC TV, Asan Radio, “Baku” jurnalı, “Nargis” jurnalı, 1news.az, Yeni Çağ qəzeti və s.
***
Festival proqramı, xəbərlər və tədbirlər haqqında ətraflı məlumatlar ilə www.bakustreetphoto.az saytında tanış ola bilərsiniz.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button