Mədəniyyət

Bakıda Onlayn Avropa Film Festivalı başlayır

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda akkreditasiya olunmuş səfirlikləri Cineuropa ilə əməkdaşlıqda ilk onlayn Avropa Film Festivalını təşkil edəcək. Avropa Film Festivalı virtual formatda 14-29 iyun 2021-ci il tarixlərində davam edəcək.

İstiqlal.az xəbər verir ki, festivalda 13 Avropa İttifaqı ölkəsindən (Belçika, Çexiya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Lüksemburq, Polşa, Rumıniya, İspaniya) və Serbiyadan 10 filmin nümayişi keçiriləcək. Filmlərin əksəriyyəti bir neçə ölkənin ortaq işbirliyidir. Avropa İttifaqının Azərbaycandakı səfiri Kəstutis Jankauskas deyib ki, bu il festival ilk dəfə onlayn formatda təşkil olunur ki, bu da Avropa kinematoqrafiyasını təkcə Bakıda deyil, həm də bütün Azərbaycan tamaşaçıları üçün daha da yaxın və əlçatan edir. Filmlər hekayələr izah etmək, duyğuları ifadə etmək və fikirləri hərəkətə gətirmək gücünə sahibdir: “Bu festivalla Avropa mədəniyyətinə dair daha çox məlumat verəcəyimizə və Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəniyyətlərarası anlaşma mesajını yayacağımıza ümid edirik”.

Qeyd edək ki, filmlərin əksəriyyəti nüfuzlu beynəlxalq film festivallarının qalibləridir. “Oleg” , “Fire will come”, “Our Struggles” – Kann Festivalı; “Audition” – Toronto Film Festivalı və San Sebastian Müsabiqəsi; “Acasa my Home” – Sundance 2020 Dünya Sənədli Film Müsabiqəsi və Sarayevo 2020 Sənədli Film Müsabiqəsi, “Aurora” – Edinburq Beynəlxalq Film Festivalı və digərləri.

Festival proqramına 17 iyun saat 15.00-da macar kinorejissor Gabor Reisz ilə görüş də daxildir. O, 2015-ci ildə Kann Festivalının Rezidensiya proqramına dəvət edilmişdi ki, orada “Bad Poems” filmini yaratmışdı ki, indi film Festivalın proqramına daxildir. Film 2019-cu ildə Macarıstan Film Həftəsində “ən yaxşı film” və “ən yaxşı rejissor” mükafatlarına layiq görülüb.

24 iyun tarixində Azərbaycan auditoriyası beynəlxalq səviyyəli kurator, mühazirəçi və media eksperti Nikolay Nikitin ilə təqdimat və sual-cavab sessiyasında iştirak etmək şansı qazanacaq. Cənab Nikitin hal-hazırda Praqa Beynəlxalq Film Festivalının bədii rəhbəri və SOFA-nın (School of Film Advancement) direktorudur. Praqada rəhbərliyə başlamazdan əvvəl o, 17 il Berlinale-nin xarici nümayəndəsi olub. Hər iki görüş “Zoom” vasitəsilə Azərbaycan dilinə tərcümə ilə təşkil olunacaq və Avropa İttifaqı Nümayəndəliyinin “Facebook” səhifəsində canlı yayımlanacaq. Tədbirlərə qoşulmaq üçün özünüz və iştirak etmək istədiyiniz görüş haqqında qısa məlumatı [email protected] elektron ünvanına göndərmək xahiş olunur. İştirakçı sayı məhduddur.

Festival filmlərini https://www.festivalscope.com/page/euff-azerbaijan/ platformasından izləmək mümkündür. Filmlər orijinal dillərində ingilis, rus və Azərbaycanca altyazı ilə nümayiş olunacaq. Hər filmi Azərbaycandan 400 nəfərə qədər tamaşaçı izləyə bilər. Filmlər digər ölkələr üçün açıq deyil.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button