Cəmiyyət

Bakıda tikintidə 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə bağlı cinayət işi açıldı

Aprelin 26-da saat 16 radələrində paytaxtın Səbail rayonu ərazisində aparılan tikinti işləri zamanı bir ustanın ölməsi, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Səbail rayon prokurorluğundan  verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, “Kristal Abşeron” MTK-nın Səbail rayonu, Q.Abbasov küçəsi 32/34 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı qaldırıcı qurğunun yerə düşməsi nəticəsində 1984-cü il təvəllüdlü Nəriman Salahov vəfat edib, 1987-ci il təvəllüdlü Aruz Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb. 

Cinayət işi üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button