Mədəniyyət

“Baku Book Center”də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib

Mayın 5-də Baku Book Center-də Sürayə Ağaoğlunun sevimli ailəsinə həsr etdiyi “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib.

Türkiyənin və türk dünyasının ilk qadın vəkili, beynəlxalq qadın hərəkatının görkəmli nümayəndələrindən biri kimi tanınan soydaşımız Sürəyya Ağaoğlunun (Şuşa, 1903 – İstanbul, 1989) “Bir ömür belə keçdi” adlı xatirələr kitabı 2020-ci ildə işıq üzü görüb.

Sürəyya xanım Ağaoğlunun xatirələrində müəllifin maraqlı həyat tarixçəsi, mənsub olduğu Ağaoğlu ailəsinin Türkiyənin ədəbi-mədəni və ictimai-siyasi həyatında oynadığı mühüm rolu, Türkiyə qarşısındakı xidmətləri, habelə qadın azadlığı baxımından qardaş ölkənin XX yüzillikdə keçdiyi böyük inkişaf yolu haqqında söz açılır.

Kitabda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və onun Ağaoğlu ailəsi ilə yaxın münasibətləri barəsindəki epizodlar xüsusi maraq doğurur.

Sürəyya xanımın xatirələri təkcə özünün, mənsub olduğu Ağaoğlu ailəsinin deyil, bütövlükdə yeni Türkiyənin, ilk növbədə isə türk qadınının XX yüzillikdə keçdiyi böyük və mürəkkəb inkişaf yolunu əks etdirir. Bu çətin, mürəkkəb yolun ilk bələdçilərindən birinin soydaşımız olması, ilk vəkil qadın kimi çağdaş Türkiyə tarixinə öz möhürünü vurması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Ailənin ilk övladı olan Sürəyyanın yeniyetməlik və ilk gənclik illəri türk tarixinin mürəkkəb, dramatik dövrünə təsadüf etmişdi.

Böyük ömür yolu keçmiş hər bir görkəmli şəxsiyyət kimi Sürəyya Ağaoğlunun xatirələri zəngin və rəngarəngdir. Uşaqlıq, gənclik illəri, valideynləri, bacı-qardaşları, ailə dostları, məslək yoldaşları haqda yaddaşa hopub illər, on illər sonra xatirələrə çevrilən məqamlar munisliyi və səmimiliyi ilə seçilir, yetkin bir qadının, mübarizə insanının obrazını canlandırır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button