İqtisadiyyat

Bankların ipotekanı ödəyə bilməyənlərin əmlaklarını alarkən vergi ödəmə qaydası müəyyənləşir

Azərbaycanda keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə və Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə görə, hərrac təşkilatçısı ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 gün müddətində vergi orqanına təsdiq edilmiş formada məlumat təqdim edir. Əgər ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın dəyəri borc məbləğindən artıqdırsa, bu halda Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulur.
Verilmiş kreditin təminatı kimi bankın və digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır.
Eyni zamanda adıçəkilən qərarın təsviri-əsaslandırıcı hissəsində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı rəsmiləşdirilmə qaydalarının qanunvericilikdə nəzərdə tutulmaması qeyd edilib.
Qeyd edək ki, “AccessBank” QSC, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC və Vergilər Nazirliyi arasında olan məhkəmə prosesi nəticəsində Bakı Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək “AR Mülki və Vergi Məcəlləsinin, “İpoteka haqqında” və “İcra haqqında” AR Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsini xahiş edib.
Konstitusiya Məhkəməsi Plenumunun Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 23 iyul 2020-ci il tarixli Qərarı ilə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisinə tövsiyə edilib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button