Gündəm

Bayramovla Lavrovun dedikləri…

Bu gün, mayın 11-də Bakıda xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib.

Daha sonra Azərbaycan və Rusiya xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər.

APA-nın xəbərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, regional məsələləri müzakirə ediblər: “Biz iki ölkənin xarici işlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr planını müzakirə etdik. Bu gün biz, eyni zamanda, əməkdaşlıq və təhlükəsizlik məsələləri barəsində də fikir mübadiləsi apardıq. Bizim ölkələr bir sıra tranzit xətlərin keçdiyi yerdir…”.

Onun sözlərinə görə, iki ölkənin beynəlxalq sahədə əməkdaşlıqda da çox böyük təcrübəsi var. C.Bayramov sonra da deyib: “Bugünkü əsas müzakirələrdən biri üçtərəfli müqavilənin həyata keçirilməsi ilə bağlı oldu. Azərbaycan tərəfi hesab edir ki, bu müqavilə regionun inkişafına kifayət qədər şərait yaradır, yeni reallıqların ortaya çıxmasına xidmət edir”.

“Azərbaycan üçtərəfli bəyanatın öhdəliklərinə tam əməl edir”

Nazir bildirib ki, Azərbaycan noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın öhdəliklərinə tam əməl edir: “Buna misal olaraq Azərbaycan tərəfinin Qarabağa humanitar yardımların aparılmasına şərait yaratmasını qeyd etmək olar. Üçtərəfli müqaviləyə əsasən, müharibədə ölən erməni hərbçilərin meyitlərinin axtarışlarında qış şəraitində Azərbaycan tərəfindən olan əsgərlər də iştirak edib… Biz Rusiyanın üçtərəfli müqavilənin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndiririk”.

C.Bayramov əlavə edib ki, Azərbaycan tərəfi ərazilərin minadan təmizlənməsində Rusiya tərəfinin təşəbbüslərini də yüksək qiymətləndirir: “Təəssüf ki, biz tez-tez Ermənistan tərəfindən qeyri-konstruktiv yanaşmalar görürük”

Nazir bildirib ki, Ermənistanın bu davranışı prosesə lazımsız gərginlik verir: “Buna əsas misal kimi Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə daxil olmaq cəhdlərini göstərmək olar. Ötən ilin noyabr ayının sonlarında Ermənistan hərbçilərinin qeyri-qanuni olaraq Azərbaycan ərazilərinə keçməsi, dekabr ayında Azərbaycan hərbçilərinin həlak olması və yaralanması ilə nəticələnən insident Azərbaycana qarşı hərbi cinayətdir”.

Nazir deyib ki, Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində təxribat-diversiya törədən hərbçilərindən bir neçəsi öldürülüb, bir neçəsi isə tutulub: “Hazırda onlarla bağlı istintaq tədbirləri davam etdirilir”.

C.Bayramov Azərbaycanın beynəlxalq humanitar hüququn bütün tələblərini yerinə yetirdiyini diqqətə çatdırıb: “Həmin erməni hərbçilərlə beynəlxalq humanitar hüququn norma və prinsipləri əsasında davranılır, saxlanma şəraiti də normalara uyğundur. Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları, Azərbaycan Ombudsmanı onlarla baş çəkir”.

Lavrovun dedikləri…

“Biz dünən (mayın 10-da) Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə geniş müzakirələr apardıq”.

Bunu isə Rusiya Federasiyasının xarici İşlər naziri Sergey Lavrov birgə mətbuat konfransında deyib.

Rusiyalı nazir bildirib ki, bu gün, mayın 11-də isə C.Bayramovla geniş müzakirələr aparıb: “Münasibətlərin daha da inkişafının perspektivləri müzakirə mövzusudur. Bu ilin dörd ayında bizim prezidentlər beş dəfə telefonla danışıblar. Üçtərəfli bəyanatlara dair öhdəliklərin icrasını müzakirə ediblər”.

O qeyd edib ki, hər iki ölkənin qurumlarının qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirirlər: “Pandemiya (koronavirus) ilə əlaqədar bizim ölkələr arasında əmtəə dövriyyəsi bir qədər azalsa da, 3 milyon dollar təşkil edir. Bizim münasibətlərimiz, birgə layihələrimiz daha da genişlənəcək. Bizim iqtisadi operatorlarımız Azərbaycandakı iqtisadi sahədə də əməkdaşlığa hazırdır”.

Nazir vurğulayıb ki, Rusiya ilə Azərbaycanın ali təhsil sahəsində də yüksək əməkdaşlığı var.

Lavrov: “10 noyabr bəyanatının şərtlərinə əməl edilməlidir”

“Bizim ümumi fikrimiz budur ki, gələcəkdə normallaşmanın həyata keçirilməsi üçün ötən ilin noyabrın 10-da imzalanan bəyanatın şərtlərinə əməl olunsun”, – daha sonra o, əlavə edib.

“Bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin tam dayandırılmasıdır. Bizim hərbçilərimiz azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq edirlər. Ərazidəki iqtisadi münasibətlərin bərpası Cənubi Qafqazın inkişafına təkan verəcək”, – S.Lavrov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan BMT-də Rusiyanı müdafiə edir, dəstəkləyir: “Biz Azərbaycan tərəfinə Qoşulmama Hərəkatında müşahidəçi olmaqda bizə kömək göstərdiyinə görə təşəkkür edirik”.

Rusiya xarici işlər naziri S.Lavrovun başçılıq etdiyi nümayəndə heyəti mayın 10-dan Azərbaycanda səfərdədir. Onları mayın 10-da prezident İlham Əliyev də qəbul edib.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button