İdman

“Beşiktaş” 16-cı dəfə Türkiyə Super Liqasının qalibi olub

Türkiyə Super Liqasında 2020/21 mövsümünün çempionu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, həm qızıl medalların, həm də digər mükafatçıların sahibləri son turda bəlli olub.
Son tur öncəsi “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” qızıl medallara iddia edirdi. Axırıncı oyunlar da kritik alınıb. Kayseridə yerli “Kayserispor”la 1:1 hesablı bərabərə qalan “Fənərbaxça” bürünc mükafatla kifayətlənib. Enner Valensiyanın son dəqiqədə penaltidən vurduğu top “sarı-lacivərdlilər”i yalnız məğlubiyyətdən xilas edib.
Öz meydanında “Yeni Malatyaspor” önündə hesabda geri düşən “Qalatasaray” İbrahim Dərvişoğlu, Rayan Babel və Oğulcan Çağlayanın ikinci hissədəki qolları sayəsində 3:1 hesablı qələbə qazanıb. Lakin bu, çempionluq üçün yetərli olmayıb. Çünki İzmirdə “Göztəpə” ilə üz-üzə gələn “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edib. “Qara qartal”ın heyətində Domaqoy Vida və Raşid Qezzal fərqlənib.
“Beşiktaş”la “Qalatasaray” mövsümü eyni xalla (84) tamamlamasına baxmayaraq, müsbət top fərqi rəqibindən daha çox olan “ağ-qaralar” finişə birinci çatıb.
Beləliklə, 3 illik həsrətə son qoyan “Beşiktaş” 16-cı dəfə Türkiyə çempionluğunu qazanıb.
Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcək.
Bundan başqa, “Dənizlispor”, “Ərzurumspor” və “Ankaragücü”nün ardından “Gənclərbirliyi” də elitanı tərk edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button