Cəmiyyət

BŞTİ müdiri: “779 namizəd müsabiqənin test imtahanı mərhələsinə buraxılıb”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqə çərçivəsində imtahan mərkəzinə mediatur təşkil edilib.
“Report” xəbər verir ki, mediaturda BŞTİ-nin müdiri Mehriban Vəliyeva, idarənin struktur bölmə rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
İmtahanların gedişi prosesi ilə tanış olan M.Vəliyeva KİV nümayəndələri ilə görüşüb.
İdarə müdiri imtahanlara hazırlıq işinin təşkili, namizədlər üçün yaradılan şərait və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verib.
M.Vəliyeva təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul olmaq istəyən 1 146 namizədin http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçdiyini bildirib. İdarə müdiri qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 779 namizədin müsabiqənin test imtahanı mərhələsinə buraxıldığını nəzərə çatdırıb.
Media təmsilçiləri imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, iyunun 24-də ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. Test imtahanında 563 nəfər iştirak etmək hüququ qazanıb.
Müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 60 dəqiqə ərzində cavablandırıblar.
İyunun 25-də keçiriləcək uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul imtahanında isə 216 nəfərin iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-24; 60-28) nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button