İqtisadiyyat

BTQ ilə yarım ilə 11 mindən çox konteyner daşınıb

Bu ilin iyun ayı ərzində “TURKUAZ” layihəsi çərçivəsində hər iki istiqamətdə ümumilikdə 222 konteyner daşınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”dən “APA-Economics”ə verilən məlumata görə, ötən ay Azərbaycandan Türkiyəyə 4 konteyner blok qatarında, əsasən, kimya sənayesi məhsulları ilə yüklənmiş 82 konteyner yola salınıb. Konteynerlərdən 72-si  45 futluq, 10-u isə 20 futluq olub.  Azərbaycandan Türkiyəyə bu müddət ərzində “TURKUAZ exspres” blok qatarları ilə ümumilikdə 2214 ton yük daşınıb.
Bu layihə çərçivəsində ötən ay Türkiyədən Azərbaycana 5 blok qatarda  140 konteynerlə ümumilikdə 3780 ton yük çatdırılıb. Konteynerlərdən 118-i 20 futluq, 22-si isə 45 futluq olub. Konteynerlərlə Türkiyədən Azərbaycana əsasən kimya sənayesi məhsulları, inşaatda istifadə edilən materiallar və şəkər tozu gətirilib.
Xatırladaq ki, “ADY Konteyner”in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – TURKUAZ layihəsi çərçivəsində Türkiyədən yola salınan ilk konteyner blok qatarı Bakıya bu il aprelin 14-də çatıb. Test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən  ibarət olub.
Türkiyədən Azərbaycana və əks istiqamətdə ixrac-idxal  yükləri  daşıyan qatarların müntəzəm olaraq fəaliyyət göstərməsi həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşınan yüklərin həcminə əhəmiyyətli təsir göstərib. Belə ki, bu ilin 6 ayı ərzində BTQ ilə artıq 11 084 TEU konteyner daşınıb ki, bu rəqəm 2020-ci il ərzində daşınan konteynerlərin ümumi sayına (11 748 TEU)  yaxındır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button