Gündəm

‘Bu o deməkdir ki, sülh də yoxdur’

“Biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik”. Bunu iyunun 25-də Prezident İlham Əliyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın Xarici İşlər naziri Boqdan Auresku, Avstriyanın Xarici İşlər naziri Aleksandr Şallenberq, Litvanın Xarici İşlər naziri Qabrielius Landsberqisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, ola bilsin, seçkiqabağı vəziyyət Ermənistan hökumətinə sülh sazişinə dair bəyanatlar vermək üçün çox əlverişli olmayıb: “Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur”.

Prezident qeyd edib ki, Azərbaycana sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır: “Bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi”.

Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan liderləri atəşkəslə bağlı Bəyanat imzalasalar da, iki ölkə arasında hələ də sülh sazişi imzalanmayıb. İ.Əliyev Azərbaycanın belə bir sazişi imzalamağa hazır olduğunu bəyan etsə də, qarşı tərəf konkret cavab verməyib.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button