İqtisadiyyat

BVF Azərbaycanda geniş pul kütləsi üzrə rekord proqnoz verib

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi (M3) 8,3% artaraq 2021-ci ilin sonuna 31,608 mlrd. manata çatacaq.
“APA-Economics”in BVF-yə istinadən verdiyi məlumata görə, yeni gözlənilən artım Fondun aprel proqnozu ilə müqayisədə 1,7 faiz bəndi çoxdur. 2022-ci ildə isə ölkədə geniş mənada pul kütləsinin həcminin 6,4% artacağı gözlənilir. Bu isə Fondun aprel proqnozu ilə müqayisədə 0,6 faiz bəndi azdır.
Qeyd edək ki, 2020-ci ilin yekunlarına əsasən, Azərbaycanda geniş pul kütləsinin həcmi 1,1% artaraq 29,186 mlrd. manat təşkil edib. Bu, həmin tarixdə qeydə alınan ən yüksək göstərici idi. Beləliklə, Fondun 8,3% artım proqnozunu nəzərə alaraq, 2021-ci ilin sonuna ölkədə M3 pul aqreqatının həcmi tarixi rekordunu yeniləyəcək.
Xatırladaq ki, geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır və bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədini təqib edir.
İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyüməyə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button