Gündəm

Elmar Vəliyevlə bağlı ekspertiza qərar verəcək

Məhkəmə Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin həqiqətən də hadisələr ilə bağlı ifadə vermək iqtidarında olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza keçirilməsinə qərar verib.

Bu barədə mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Yunis Səfərov və daha 11 nəfərin məhkəmə prosesində qərar verilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda vəkillər bildirib ki, E.Vəliyevin həqiqətən də hadisələr ilə bağlı ifadə vermək iqtidarında olmaması haqqında təqdim edilmiş tibbi sənədlər sübut kimi mötəbər hesab olunmur. Onların sözlərinə görə, bunun üçün mütləq qaydada Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində ekspertiza keçirilməli idi.

Vəkillər prosesdə ekspertizanın keçirilməsi ilə bağlı vəsatətlə çıxış ediblər. Məhkəmə vəsatəti təmin edib.

Növbəti məhkəmə prosesi ekspertizanın nəticələri bəlli olandan sonra təyin olunacaq.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsddə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərov isə sabiq icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib.

Bu il martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Y.Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərə 20 ildən 18 ilə kimi azadlıqdan məhrumetmə cəzası istənilib.

Sui-qəsd hadisəsindən bir həftə sonra – iyulun 10-da isə Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin qruplar şəkilində ayrı-ayrı vaxtlarda məhkəmələri olub. Əksəriyyəti kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılıb, azadlığa buraxılanlar olub.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button