Siyasət

“Fələstinin Ermənistana dəstəyi ilə bağlı yalanları onlar yayırlar” – Fələstinin Azərbaycandakı səfiri

Hazırda dünyanın gözü Yaxın Şərqə, Qəzza bölgəsinə yönəlib. ABŞ Prezidenti, eləcə də bir çox nüfuzlu beynəlxalq təşkilatlar hər iki tərəfə çağırış etsə də, mayın 10-dan başlayan gərginlik hələ də qalmaqdadır. “AzPolitika.info” Fələstin Dövlətinin Azərbaycandakı Səfiri Nasir Əbdül Kərəmlə müsahibəsində sözügedən münaqişə də daxil olmaqla, bir sıra məsələlərə aydınlıq gətirib:

Cənab Səfir, Qəzza bölgəsində gərginliyin səbəbləri ilə bağlı fikirlər haçalanır. Sizin fikrinizcə, bu gərginliyi yaradan hansı fundamental səbəblər var?

-Dünyanın bəzi dövlət rəhbərləri və bəzi hallarda müəyyən KİV-lər bu münaqişəni elə qələmə verirlər ki, sanki bu, “Həmas” Hərəkatı ilə İsrail arasında olan münaqişə, gərginlikdir. Lakin bunun əsas fundamental səbəbi işğaldır, İsrailin işğalıdır. Bu, müasir bəşəriyyət tarixinin ən uzun işğalı hesab olunur. Ola bilsin beynəlxaql mətbuat, dünya liderləri bu məsələni başqa cür qələmə versin. Amma mən onu necə var, o cür də təsvir edəcəm – bu, İsrailin bu gün apardığı irqçi, müstəmləkəçi, kolonialist, irqi ayrı-seçkilik siyasətidir. İsrail 50 ildən artıqdır ki, bizə qarşı bu siyasətini aparır. Bunu tək biz demirik. Bunu eyni zamanda, BMT-nin 2007-ci ildə məruzəçisi olmuş məsul şəxsi də deyib ki, İsrail aparteid dövlətidir. Bundan əlavə, BMT-nin nəzdində olan ESCWA komitəsi, İsrailin insan haqları təşkilatı olan “Beyt-Səlim”,Human Rights Watch” təşkilatı da İsrailin qeyri-qanuni, işğalçı dövlət olması ilə bərabər onu işğal edilmiş Fələstin ərazilərində məhz irqi-ayrıseçkilik rejimi tətbiq etməkdə qınayıb.

ABŞ-ın keçmiş prezideti Cimmi Karter 2007-ci ildə yazdığı kitabında İsrailin Fələstin ərazilərində aparteid rejimi tətbiq etdiyini qeyd edib. 50 ildir deyirik ki, İsrail etnik təmizləmə siyasəti aparır, bunu xüsusən də Qüds şəhərində həyata keçirir. Daha sonra radikal nöqtey-nəzərdən İsrail hökumətində təmsil olunan B.Netenyahu hökuməti bu etnik təmizləmə prosesini getdikcə sürətləndirdi. O, öz çıxışlarında İsrail ictimaiyyətini fələstinlilərə qarşı qızışdıraraq bu etnik təmizləmənin daha da sərtləşdirilməsinə səbəb oldu.

Məhz bütün bu hadisələrin fonunda gərgin, böhranlı bir vəziyyət yarandı. Bugünkü böhranın başlanmasının əsas səbəblərindən biri də, İsrail hökuməti siyasətinin davamı olaraq Şeyx Cərrah məhəlləsində yaşayan 27 ailəni evindən çıxarıb, onların əvəzinə İsraildə qeyri-qanunu məskunlaşanları orda yerləşdirmək olub. Şeyx Cərrah məhəlləsi adından da göründüyü kimi Fələstin məhəlləsidir. Dünya mətbuatının bu problemə “Həmas” Hərəkatı ilə İsrail arasında olan münaqişə kimi qələmə verməsi qətiyyən qəbulolunmazdır. Çünki burada başlıca səbəb işğal, Netenyahunun radikal çıxışlarıdır.

Bilirsiniz ki, Əl-Aqsa Məscidi, Qüds şəhəri bütün müsəlmanlar və fələstinlilər üçün müqəddəsdir. Fələstin xalqı oranı müqəddəs saydığı üçün haqlı olaraq müqavimət göstərir. Müsəlmanların ilk qibləgahı olan Qüds tək fələstinlilər üçün deyil, 1 milyard yarım müsəlmanlar üçün müqəddəsdir. İsrail ordusu oraya mübarək Ramazan ayında, xüsusilə Qədr gecəsində davamlı olaraq basqınlar edib. Ora həm də xristianlar üçün müqəddəsdir. Hətta İsrail ordusu rahiblərin istəyinə qarşı çıxaraq “Müqəddəs məqbərə kilsəsi”nə də basqın edib. Son olaraq demək istəyirəm ki, bu gün baş verən müharibə qətiyyən “Həmas”la İsrail arasında olan müharibə deyil. Bu, İsrailin kolonialist, aparteid, irqi ayrı-seçkilik siyasətidir.Bu apariteid siyasəti sona çatmalıdır ki, o bölgədə sülh yaransın.

Sülhdən söz düşmüşkən, vaxtilə Obama və Tramp administrasiyası da sülh planı ilə çıxış edib. BMT müstəvisində də sülh təşəbbüsləri masada var. Bu gərginlikdən sonra davamlı sülhə ehtiyac bir daha nəzərə çarpdı. Davamlı sülh perspektivini necə görürsünüz?

-Müəyyən vaxtlarda irəli sürülən sülh təşəbbüslərinə toxundunuz. Mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Trampın irəli sürdüyü “Əsrin sazişi”ni qətiyyən nə BMT, nə də digər müəyən qurumlar tərəfindən irəli sürülmüş sülh təşəbbüsləri ilə eyniləşdirmək düzgün olmaz. Çünki Trampın sülh bayrağı adı altında İsrail-Fələstin münaqişəsinin həllini nəzərdə tutan “Əsrin sazişi” bütün beynəlxalq qurumların sülh təşəbbüsünün əksidir. Onun məqsədi sadəcə İsrailin aparteid siyasətini gücləndirməyə, Fələstin xalqının daha çox qətlə yetirilməsinə, xalqın maraqlarına cavab verməməyə yönəlmişdi. Biz bunu qətiyyən sülh planı kimi qəbul etmirik. Fələstin hamıdan çox sülhün tərəfdarıdır. Biz İsrail xalqı ilə sülh şəraitində yaşamaq istəyirik. İsrail daxilində də əhalinin böyük hissəsi Fələstin xalqı ilə sülh, mehriban qonşuluq şəraitində yaşamaq istəyir.

Trampın bu “Əsrin sazişi” kimi qələmə verilən “sülh planı”nı kənara qoysaq, bütün sülh təşəbbüslərində aydın şəkildə bəndlər göstərilib: Fələstinin öz tarixi ərazisinin 20 faizində 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi-Qüds şəhəri olmaqla öz dövlətini qurmaq hüququ var, İsrail isə öz ordusunu 1967-ci il sərhədlərindən geri çəkməlidir.  Fələstin xalqının arzuladığı sülh planı məhz budur. ABŞ-ın müxtəlif vaxtlarda hakimiyyətdə olan rəhbərlikləri beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən bu sülh planını ləngidir, buna laqeyd yanaşır. Regionda davamlı sülhə nail olmaq üçün beynəlxalq qanunvericiliyin irəli sürdüyü, qəbul etdiyi obyektiv qərarlara riayət etmək lazımdır.

ABŞ Prezidenti Co Bayden iki gün əvvəl açıqlamasında münaqişənin nizamlanması planından danışıb. Bayden administrasiyasının mövqeyi və yanaşmasını necə dəyərləndirirsiniz, hansı gözləntiləriniz var?

-Bayden özlüyündə deyir ki, ora-bura zəng edirəm, çalışıram bu problemi nizama qoyaq. Son üç gün ərzində BMT TŞ-nin daimi və qeyri-daimi üzvləri bu məsələyə nisbətən balanslı şəkildə yanaşsalar da, Bayden hökuməti bu qərarın həyata keçməsini ləngidir, imkan vermir.Bu müharibə başlayandan Fələstin tərəfindən 200-ə yaxın dinc sakin həlak olub, onlardan 60-ı uşaq, 35 nəfəri isə qadındır. Yəni ABŞ sözdə desə də, əməldə bu prosesin ləngidilməsinə çalışır. Düzdür, Bayden administrasiyası iki dövlət prinsipindən yana olduğunu elan edib, biz fələstinlilər də bunu dəstəkləyirik, lakin görək gələcəkdə bu olacaqmı? Tarixən görmüşük ki, Amerika İsrailə həmişə siyasi, iqtisadi, hərbi, maliyyə dəstəyi verib. İllik olaraq İsrailə 4 milyard dollar maliyyə yardımı göstərir. ABŞ-ın apardığı bu siyasətə baxmayaraq, biz yenə də deyirik ki, ABŞ bizim üçün önəmlidir, bu münaqişənin həll olunmasında vacib rol oynamalıdır.

 

 

Cənab Səfir, son vəziyyətlə bağlı dünya birliyinin mövqeyi sizi qane etdimi?

-Ümumi ictimai rəydən çox razıyıq. Dünyanın ictimai rəyi bizi qane edir. Nyu-York, Çikaqo, Paris, Belrin, London, Sidneydə insanlar nümayişlər keçirərək Fələstinlə bir yerdə olduqlarını göstərdi. ABŞ-ın özündə belə, Fələstin məsələsində obyektiv yanaşmağa doğru irəliləmə var. Bütün bunları təqdir edirik. Təəssüf ki, ABŞ-ın özünə yaxın ölkələrə təsiri olduğuna görə, həmin ölkələr bizə dəstək məsələsində öz mövqelərində tərəddüd edirlər.

Bəs İslam aləmi həmrəy ola bildimi, müsəlman dünyasından Fələstinə lazımi dəstək verilirmi? Bununla bağlı müxtəlif fikirlər var, siz bunu necə şərh edərdiniz?

-İslam ölkələrindən gələn dəstəkdən razıyıq və bu dəstəyə görə təşəkkür edirik. Bir neçə gün əvvəl İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fələstin məsələsi ilə bağlı İsrailin hərəkətini qınayan qərar qəbul edib. İƏT-də təmsil olunan bütün ölkələrə prinsipial mövqeyinə görə, həmişə təşəkkür edirik. Lakin arzumuz bu dəstəyin daha çox olmasıdır.

Azərbaycanın rəsmi yanaşmasını necə dəyərləndirirsiniz? Rəsmi Bakı İsraillə Fələstin arasında vasitəçilik edə bilərmi?

-Azərbaycana bu məsələdə həmişə bizə verdiyi hərtərəfli dəstəyə görə təşəkkürümüzü bildirmişik. Azərbaycanın uzun illərdir bu məsələdə mövqeyi dəyişməzdir və prinsipialdır. Azərbaycan Fələstin-İsrail münaqişəsində iki dövlət prinsipi və Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması məsələsində vahid mövqedən çıxış edib. Lakin məsələ burada rəsmi Bakıda deyil. Azərbaycan çalışır ki, İsraillə yaxşı əlaqələrindən çıxış edərək, problemi nizamlansın. Əgər İsrail hökuməti radikal mövedədirsə, problemi həll etmək istəmirsə, heç kimi dinləmirsə, beynəlxalq qanunvericiliyi heçə sayırsa, Azərbaycan İsrailə necə təsir edə bilər?

Fələstinin Ermənistanda Səfirliyi yoxdur, onunla diplomatik əlaqələr də qurmayıb. Amma Azərbaycan ictimai rəyində belə bri fikir var ki, Fələstin liderlərinin Ermənistana dəstəyi olub. Düzdür, Səfirlik bunu dəfələrlə təkzib edib, məsələyə aydınlıq gətirilib. Amma yenə də, bunun səbəblərini izah edin, bəlkə Fələstin nümayəndələri Azərbaycan xalqını yaxşı məlumatlandıra bilmir?

-On ildir, səfirlik açılandan bu yana cəmiyyətin müəyyən bir kəsiminin Fələstinin Ermənistana dəstək verdiyinə inandığının şahidi olduq. Bəzi araşdırmalar apardıq və bizə aydın oldu ki, uzun illər Azərbaycandakı müəyyən təbəqənin ideoloji baxımdan öz maraqları çərçivəsində İsrailə yaxınlığı, həmin şəxslərin İsraillə müəyyən bağları olub. Bundan çıxış edərək, belə yalanları yaymaqla məşğul olublar. Zaman keçdikcə bu yalanlar sarı mətbuatda, sosial şəbəkələrdə yayılmağa başlayıb. Əgər yalançı bir şəxs təhrif və montaj etdiyi, saxtalaşdırdığı məlumatı uzun müddət yaymağa davam edərsə, bir müddətdən sonra özü də buna inanmağa başlayacaq. Amma bunun əslini bilən, görən, şahidi olan, araşdıran insan “Fələstinin Ermənistana dəstəyi” haqda heç bir mənbə tapmayacaq. Səfirlik açılandan ilk səfir kimi hələ də fəaliyyət göstərirəm. Bu on ildə dəfələrlə sizə, ümumilikdə, Azərbaycan mətbuatına 130-140-a yaxın müsahibə vermişəm. Müsahibələrimin hamısında bu məsələyə – olmayan Ermənistan-Fələstin məsələsinə toxunmuşam, aydın şəkildə də demişəm ki, bunlar yalanlardan ibarətdir və fotoşopdan, quraşdırılmış videogörüntülərdən başqa heç bir dəlilə söykənmir. Səfirlikdə məhdud sayda heyət çalışır və səfirliyin “Facebook”da bir rəsmi səhifəsi var. Bizim başqa, alternativ informasiya, təbliğatla məşğul olan səhifələrimiz yoxdur. Lakin sosial şəbəkələri araşdırsaq, orada onlarla İsrail-Azərbaycan Dostluğu ilə bağlı səhifələrə rast gələrik. Səfirlik olaraq, onlar tərəfindən yayılan yalan məlumatlara qarşı müqavimət göstərməyə çalışırıq. Amma Azərbaycan ictimaiyyəti də bu məsələdə diqqətli olmalıdır.

Sosial şəbəkələrdə yayılan məsələlərdən biri də ondan ibarətdir ki, 44 günlük müharibədə Fələstin harda idi, bizə niyə dəstək vermədi. Həm müharibə dövründə, həm də müharibədən sonrakı vaxtda Azərbaycan hökumətinin diplomatik korpuslarla birgə təşkil etdiyi bütün səfərlərdə iştirak etmişəm. Hətta Bərdə səfərindən əvvəl bizə xəbərdarlıq edildi ki, hazırda Tərtər bombardımana məruz qalıb. Ancaq bütün risklərə rəğmən mən və altı səfir bu səfərə getdik. KİV-də bu səfərlər barədə xəbərlər yayılıb. Həmin dövrdəki səfərlərim Azərbaycan hökumətinin yanında olmaq, xalqa dəstək deyilmi? Bu səfərlərdə Fələstin Dövləti, hökuməti və xalqı adından iştirak etmişəm.

Müharibə dövründə Fələstin XİN-i dəstək bəyanatı yayıb. Neçə dövlətin XİN-i müharibə dövründə rəsmi formada Dağlıq Qarabağla bağlı belə bəyanat yayıb? Bəzən sanki Fələstinə böyük güc, ora-bura silah satan, dəstək verən ölkə kimi yanaşırlar. Fələstin işğal altında olan bir dövlətdir. Fələstindən bundan artıq nə gözləmək olar? Fələstin hər zaman Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatlar verib. Belə olan halda, niyə bizə hücum olunur? Bütün cəbhə zonasına olan səfərləri araşdırsanız, məni orda görə bilərsiniz. Hətta səfirlik adından humanitar yardımlar da göndərmişik və bununla bağlı təşəkkür məktubları almışıq. Nə bunu, nə də səfərlərimi yayıb reklam etmədik. Lakin misal üçün səfirlərdən biri bizimlə kollektiv səfərlərin heç birində iştirak etmədi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button