İdman

Fəridə Əzizova: “Üçüncü Olimpiadamda artıq medal qazanmaq lazımdır”

Dünya Təsnifat Turnirində Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan taekvondoçusu Fəridə Əzizovanın (67 kq) apasport.az saytına müsahibəsi
– Koronavirus pandemiyası ilə bağlı müəyyən müddət məşq keçməmişdiniz. Özünüzü bu yarışa neçə faiz hazır sayırdınız?- Artıq Olimpiya medalını qazanmağın vaxtı gəlib. Demək olar ki, bir ilə yaxın normal məşqlərə qatıla bilmirdik. Təbii ki, bu hal bizi bir az narahat edirdi. 2021-ci ilin əvvəlində lisenziya yarışına qatılacağımızı biləndə dizimdən ciddi zədə aldım, bir ay məşqlərdən uzaq düşdüm. Komandamızın da Türkiyədə qatıldığı açıq birinciliyə gedə bilmədim. Daha sonra Gənclər və İdman Nazirliyi və federasiyamız tərəfindən bizə şərait yaradıldı, artıq Avropa lisenziyasına hazırlıqlarımıza başladıq. İki həftə çəkən təlim-məşq toplanışında gündə iki dəfə 2 saat davam edən məşqlərimiz oldu. Yarış öncəsi də hədəf Olimpiadaya lisenziya qazanmaq idi. Bunun üçün əlimdən gələn hər şeyi etdim.
– Püşkatmadan sonra nələr fikirləşirdiniz və dayanq üzərində çıxdığın zaman nələr hiss etdiniz?- Yarışa qatılmazdan əvvəl rəqiblərin kimlər olacağını təxminən bilirdik. Hamısı daha öncə döyüşdüyüm və ya tanıdığım rəqiblər idi. Həm də artıq hamı bir-birini tanıyır, hansı ölkənin hansı çəki dərəcəsində güclü idmançının olduğu bilir. Bu, lisenziya yarışı idi, zəif rəqib ola bilməzdi. Bütün yığmalar ən güclü idmançılarını gətirirlər. 
– Döyüşlərinizdən hansı sizin üçün daha asan, hansı çətin alındı?- Döyüşlər gərgin keçdi. Deyə bilərəm ki, ən gərgin döyüşüm son – yarımfinaldakı görüş oldu. Həm lisenziya qazanmaq üçün axırıncı görüş idi, həm də ukraynalı idmançı ilə bir-birimizi yaxşı tanıyırdıq.
– İlk iki döyüşlə müqayisədə yarımfinal daha gərgin keçdi. Hətta hesabda geri də düşmüşdünüz. Ancaq sonda 5 xallıq gözəl zərbə vuraraq yekunda 7:3 hesablı qələbə qazandınız. Rəqibə ilk iki raundda deyil, sonuncuda qalib gələcəyinizə ümidiniz var idimi?- Dediyim kimi, ukraynalı Tatyana Teterevyatnikova ilə bir-birimizi tanıyırdıq. Bu üzdən döyüş gərgin keçdi. Taktikanı belə qurmuşdum ki, əvvəldən xal verməyim və görüşü daha sakit keçirim. Son raunda öndə girməyi planlaşdırırdım. Çünki rəqib məndən hündür idi. Bu da taekvondo idmançıları üçün təhlükəli haldır. Mən yarışa qatılanda həmişə sona qədər mübarizə aparıram. Tatyana ilə döyüşün də birinci saniyəsindən geri çəkilməyi və məğlub olmağı fikirləşmədim. Allaha şükür olsun ki, lisenziyanı əldə etdim.

– Dediyiniz kimi, rəqib sizdən kifayət qədər hündür idi. Buna rəğmən yenə də ehtiyatlı davranırdı. Fasilələrdə məşqçilər hansı məsləhətləri görürdülər?- Fasilələr zamanı şəxsi məşqçim Səbuhi Zülfiqarov və yığmanın məşqçisi Elnur Amanovla rəqibləri təhlil edir, döyüş taktikası qururduq. Hər idmançıya qarşı fərqli taktika seçirik. Çünki rəqiblər müxtəlifdir. Birinə qarşı hücum taktikası seçirsənsə, digəri ilə sakit döyüşmək lazımdır. Hər döyüşdən sonra əzələlərin, bədənin bərpasında komandamızın həkimi Ruslan Şərifovun da böyük rolu oldu. Bir sözlə, bu uğurda komanda işi əsas rol oynadı.
– Finalda fransalı Maqda Vit-Enenlə qarşılaşmalı idiniz. Avropa Taekvondo Birliyinin qərarına əsasən qarşılaşma keçirilmədi. Sizcə, döyüş baş tutsaydı, uğurlu seriyanı davam etdirəcəkdiniz, yoxsa belə daha yaxşı oldu?- Vit-Enenlə daha əvvəl döyüşmüşdük və ümumi hesabımız 1:1-dir. Dünən dayanq üzərinə çıxsaydım, necə olardı, bilmirəm. Ancaq onu deyə bilərəm ki, ukraynalı rəqiblə olduğu kimi, finalda da sona qədər mübarizə aparardım.
– Tokio Yay Olimpiya Oyunlarına artıq lisenziya qazanmısınız. Olimpiadaya necə hazırlaşacaqsınız, sizi bu yarışda tam formada görə biləcəyikmi?- Düzdür, lisenziyanı əldə etmişəm, amma bu, qarşıya qoyulan hədəfin hələ birinci pilləsidir. Olimpiadaya az müddət qalsa da, irəlidə məni uzun və çətin yol gözləyir. Çətin məşqlər, əziyyətli günlər olacaq. Olimpiadaya qədər yaxşı forma yığmaq və daha da irəliləmək istəyirəm.
– Karyeranızda üçüncü dəfə Olimpiya Oyunlarına qatılacaqsınız və bu baxımdan kifayət qədər təcrübəlisiniz. Əvvəlki iki Olimpiadadakı çıxışınızı təhlil etmisinizmi və hansı səhvləri buraxdığınızı indi açıqlaya bilərsinizmi?- İlk dəfə Olimpiadaya qatılanda 17 yaşım var idi və təcrübəsiz idim. Eyni zamanda rəqibim məndən 10 yaş böyük idi. İkinci Olimpiadada yarımfinala qədər irəlilədim. Hakim tərəfindən mənə qarşı olan haqsızlığı bağışlaya bilmədim. 3-cü yer uğrunda döyüşə çıxanda artıq məğlubiyyətlə barışdım. Bu da mənim böyük səhvim oldu.
– Qarşıdakı Tokio-2020 ilə bağlı hədəfləriniz nələrdir?- Hər kəs Olimpiya Oyunlarına birinci olmaq üçün qatılır. Düşünürəm ki, üçüncü Olimpiadam olduğu üçün artıq medal qazanmaq lazımdır. Bunun üçün çox çalışmaq lazımdır. Mən buna hazıram.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button