İqtisadiyyat

Füzuli aeroportunda sentyabrda ilk sınaq uçuşu həyata keçiriləcək – VİDEO

Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolaqlarının perronu sentyabr ayının 5-də tamamlanaraq, ilk sınaq uçuşu həyata keçiriləcək.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Füzuli rayonuna səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanında olan jurnalistlərə açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndəsi Valeh Əmiraslanov deyib.
Onun sözlərinə görə, hava limanının tikintisi üzrə işlərə yanvar ayının 14-dən start verilib və bu müddət ərzində geniş füzelyajlı təyyarələrin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 metr olan uçuş-enmə zolağının torpaqaltı yatağı hazırlanıb.
“Hazırda əsasın üst layı olan asfalt-beton örtüklü layın tikintisi davam edir. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək perronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir-beton konstruksiyasının işləri 100% tamamlanıb, hazırda onların quraşdırılması həyata keçirilir. Bununla yanaşı, İtaliya istehsalı olan dam örtüyü ölkəyə gətirilib, fasad elementləri üçün müqavilə bağlanıb və artıq Türkiyədən sifariş verilib”, – deyə V. Əmiraslanov qeyd edib. 
O həmçinin əlavə edib ki, hava hərəkətinin idarə edilməsi üçün qüllənin tikintisi üzrə dəmir-beton konstruksiya hissəsinin qurulması davam edir və bir həftəyə bu işlər tamamlanacaq: “Avadanlıqlar hamısı Avropa istehsalıdır və zavodlarda yığılaraq sınaqdan keçirilir və ölkəyə gətirilir. Sahədə beton özüllər hazırlanıb-quraşdırılması bu ayın sonunadək başlanacaq”.
AZAL-ın nümayəndəsi həmçinin qeyd edib ki, aerovağzal kompleksinin, eyni zamanda, köməkçi binaların (qazanxana, transformator binası, yanğına qarşı su rezervuarları) elektrik enerjisi ilə təmin etmək məqsədilə 2,5 km uzunluğunda hava xətti çəkilib, ana transformator binası gücü iki transformator binasının tikintisi tamamlanıb və hazırda gərginlik altındadır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button