Gündəm

‘Gəncə məhbusları’nın valideynləri Ali Məhkəmənin önündə

Bu gün, iyunun 2-də bəzi “Gəncə məhbusları”nın valideynləri Bakıda, Ali Məhkəmənin binası qarşısında etiraz aksiyası keçiriblər.

Məhbus analarından birisi deyib ki, oğullarına saxlanarkən və istintaq zamanı işgəncələr verilib. Onlar övladlarının günahsiz olduqlarını, əsassız yerə mühakimə edildiklərini vurğulayıblar.

Məhbus anaları habelə deyiblər ki, növbəti dəfə Gəncədən paytaxta gəlməkdə məqsədləri balalarının azadlığa buraxılması istəyini dilə gətirməkdir. Onlar bununla bağlı prezidentə də üz tutublar.

“Üç ildir biz küçələrdə aksiya keçiririk, məhbusların uşaqları atalarını görməyiblər, tanımırlar. Baş Prokurorluq və məhkəmələr bizi aldadırlar. Məhbuslara bəraət verin”,- onlardan biri də qeyd edib

Məhkum Həbib Qurbanovun anası da deyib ki, oğlunun döyülməsi nəticəsində gözləri görmə qabiliyyətini itirməkdədir. “Gəncə-Bakı arasında qalmışıq, dərmanları məhkumlara özümüz gətiririk”,- o vurğulayıb.

Aksiya iştirakçıları prezidentə müraciət edərək yaxınlarının azad olunmasını tələb ediblər.

Aksiyada səslənən fikirlərə, hələlik, Ali Məhkəmə və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

“Gəncə məhbusları”nın valideynləri Bakıda bundan əvvəl də bir neçə dəfə aksiya keçirərək oxşar fikirlər dilə gətiriblər. Demələrinə görə, müxtəlif qəbullar zamanı onlara şikayətlərinin araşdırılacağı vədi verilib. Amma bu işdə təqsirləndirilən şəxslərə işgəncələrin verilməsi ilə bağlı iddiaları hüquq-mühafizə orqanları təkzib ediblər.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsddə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları Səfərovun əsas məqsədinin Azərbaycanda islam dövləti qurmaq olduğunu iddia edirlər. Səfərov isə keçmiş icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib. Bu il martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Y.Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Bu qrup üzrə digər təqsirləndirilən şəxslərə 20 ildən 18 ilə kimi azadlıqdan məhrumetmə cəzası istənilib, amma məhkəmə hələ başa çatmayıb.

Həmin sui-qəsd hadisəsindən bir həftə sonra – iyulun 10-da isə Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilmişdi.

Gəncə hadisələrindən sonra ümumilikdə həbs olunan 70-dən artıq şəxsin qruplar şəkilində ayrı-ayrı vaxtlarda məhkəmələri başlayıb. Əksəriyyəti kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Məhkəməsi başa çatanlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılıb, azadlığa buraxılanlar olub.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button