Dünya

Görkəmli gürcü generalın meyitinin qalıqları 51 ildən sonra Fransadan Tbilisiyə gətirilib

Fransada mühacirətdə vəfat edən Gürcüstan Demokratik Respublikası (1918-1921) ordusunun baş komandanı, görkəmli general Giorgi Kvinitadzenin meyitinin qalıqları Tbilisiyə gətirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında generalın xatirəsinə fəxri qarovulun iştirakı ilə rəsmi mərasim keçirilib.
Mərasimdə Gürcüstan Prezidenti Salome Zurabişvili, müdafiə naziri Cuanşer Burçuladze, parlament sədri Kaxa Kuçava və digər rəsmi şəxslər iştirak ediblər.
Gürcüstan hökumətinin qərarı ilə G.Kvinitadzenin cənazəsi mayın 26-da – ölkənin Müstəqillik günündə Mtatsminda panteonunda dəfn olunacaq.
G.Kvinitadze 1874-cü ilin avqustun 21-də Dağıstanda anadan olub. 1884-cü ildə o, Tiflis Kadet Korpusuna daxil olub, daha sonra təhsilini Sankt Peterburqda davam etdirib. G.Kvinitadze Rusiya imperator ordusunda uğurlu hərbi karyera qurub. O, 1917-ci ilin ikinci yarısından müstəqil dövlətin ordu quruculuğunda fəal iştirak edib, Gürcüstanın hərbi məktəbinin yaradılmasında müstəsna xidmətlər göstərib. 1921-ci ilin fevral-martında hücum edən Qırmızı ordu hissələrinə qarşı müqavimət təşkil edib.
1921-ci ildə demokratik respublikanın süqutundan sonra general Türkiyənin İstanbul şəhərinə, oradan isə 1922-ci ildə Fransaya mühacirət edib. O, 1970-ci ilin avqustunda Şatu şəhərində vəfat edib və yerli qəbirstanlıqda dəfn olunub.
2013-cü ildə G.Kvinitadze ölümündən sonra Gürcüstanın milli qəhrəmanı ordeni ilə təltif edilib. 2006-cı ildə Tbilisidə küçələrdən birinə onun adı verilib. Generalın xatirəsinə “Giorgi Kvinitadze” adlı gümüş hərbi medal təsis olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button