Gündəm

Göygöl rayon sakini minaya düşərək həlak olub 

İyulun 14-də saat 21.00 radələrində bir nəfərin Göygöl rayonu ərazisində minaya düşərək həlak olması barədə rayon prokurorluğuna məlumat verilib. 

Bu barədə Baş Prokurorluq iyulun 15-də məlumat yayıb. 

Açıqlamaya görə,  prokurorluq və polis əməkdaşları  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçiriblər. 

Bildirilir ki, 31 yaşlı Ramal Ocaqquluyev İkinci Qarabağ müharibəsinə qədər  Azərbaycan ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındaki minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən “Bənövşəli yaylağı” adlanan ərazidə  təsərrüfat işləri ilə məşğul olarkən  minaya düşüb. Nəticədə həmin şəxsin aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir. Həmin şəxsin Göygöl rayonunun Mollacəlilli kənd sakini olduğu deyilir. 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlayıb. 

Azərbaycanın rəsmi qurumları bildirirlər ki, ötən il əldə edilən 10 noyabr sazişindən sonra minaya düşmə səbəbindən ölkənin 30 civarında vətəndaşı həlak olub, 100-dən çoxu isə yaralanıb.Onlar birqayda olarq Ermənistanı minalanmış ərazilərin xəritələrini verməməkdə günahlandırırlar.Amma son bir ayda Azərbaycanda tutulan Ermənistan hərbi qulluqçularından bir qisiminin geri təhvil verilməsi üzündən Ağdam, Füzüli və Zəngilan rayonlarında basdırılan minaların xəritələrinin alındığı da deyilir. 

Xatırlatma 

2020-ci il  Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. 

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 

 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button