İqtisadiyyat

Heydər Əliyev adına NEZ-in modernizasiya layihəsində qəzasız 25 mln. adam-saat iş görülüb

İyunun 8-də SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiyası çərçivəsində 25 mln. təhlükəsiz adam-saatlıq iş həcminə nail olunmasına həsr edilmiş tədbir keçirilib.
Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, “SOCAR Downstream Management” şirkətinin rəhbərliyi və bu şirkətin Müşahidə Şurasının üzvləri, eləcə də layihənin əsas podratçılarından “Wood”, “Tecnimont”, “TR”, “Azfen”, “Prokon”, “Ustay” şirkətlərinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, zavodun davamlı istismarını və Avro-5 standartına cavab verən yanacaq məhsulları istehsalını təmin etmək məqsədi daşıyan modernizasiya və yenidənqurma layihəsi miqyas etibarilə nəhəng olmaqla yanaşı, həm də öz mürəkkəbliyi ilə fərqlənir: “Bu layihə gündəlik fəaliyyətini davam etdirən, strateji əhəmiyyətli məhsullar istehsal edən və yanğın-partlayış təhlükəli xüsusi diqqət tələb edən bir zavod təsərrüfatının ərazisində həyata keçirilir. Belə bir mürəkkəb iş şəraitində çalışmaq, əlbəttə ki, bizdən ikiqat diqqət və əzmkarlıq tələb edir. Bu mənada layihə çərçivəsində 25 milyon qəzasız adam-saat həcmində işin görülməsi uğurlu nəticədir. Müqayisə üçün deyim ki, bu, bir neçə il öncə tikilmiş “SOCAR Polymer” kompleksi və ya Karbamid zavodunun inşasına sərf edilmiş iş həcmindən çoxdur. Bu göstərici SOCAR-da əməyin təhlükəsizliyi məsələsinə verilən önəmin, uğurlu SƏTƏMM siyasətinin parlaq təzahürüdür”.
SOCAR-ın prezidenti bildirib ki, həm dənizdə, həm də quruda təhlükəsizlik qaydaları daha da təkmilləşdirilib, qəzalı vəziyyətdə olan əməliyyat sahələri ləğv edilib, yaxud yüksək standartlar səviyyəsində bərpa və təmir olunub, işçilərin fərdi təhlükəsizlik qaydalarına riayət edilməsi üzərində nəzarət daha da gücləndirilib. SOCAR bu istiqamətdə apardığı fəaliyyətlərdə nüfuzlu beynəlxalq neft-qaz təşkilatlarının qabaqcıl təcrübəsinə əsaslanır. Şirkətin Əməliyyatların Bütövlüyünün İdarəetmə Sisteminə (SOIMS) dair standart hazırlanıb və uğurla tətbiq olunur.
Sonra layihə komandasına, podratçılara sertifikatlar və hədiyyələr təqdim olunub.
Podratçı şirkətlərinin təmsilçiləri yaradılmış şəraitə və onların əməyinə verilən qiymətə görə minnətdarlıqlarını bildirib, SOCAR-la əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Sonda SOCAR rəhbərliyi, “SOCAR Downstream Management” şirkətinin Müşahidə Şurasının üzvləri və podratçı təşkilatların rəhbərləri mühüm uğur münasibəti ilə xatirə lövhəsinə imza atıblar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button